“Ölülər”ə Mahaçqalada mükafat verilib
Xəbər verdiyimiz kimi, aprelin 22-dən 29-dək Dağıstan Respublikasında Xəzəryanı ölkələrin milli teatrlarının festivalı keçirilib.
Səkkiz gün ərzində Qazaxıstan, Azərbaycan, həmçinin Rusiya Federasiyasının subyektləri – Şimali Osetiya, Tatarıstan, Kabardin-Balkar, Qaraçay-Çərkəz, İnquşetiya, Kalmıkiya, Çeçenistan və Dağıstanı təmsil edən 18 kollektiv respublikanın müxtəlif səhnələrində çıxış edib.
Ölkəmiz festivalda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşunda Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa ilə təmsil olunub.
Aprelin 29-da Mahaçqalada – Dağıstan Rus Dram Teatrında beynəlxalq festivalın təntənəli bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Münsiflər heyətinin sədri, Rusiya Kulturologiya İnstitutunun böyük elmi işçisi Yelena Pokorskaya çıxış edərək bildirib ki, hər bir münsif bütün kollektivlərin çıxışlarını obyektiv qiymətləndirməyə çalışıb. “Son nəticədə festival qardaşlıq və yaradıcı görüşlər bayramıdır”, - deyə o əlavə edib.
Festivalın “Böyük formatlı ən yaxşı tamaşa” üçün nəzərdə tutulan Qran-pri mükafatı M.Auezov adına Qazaxıstan Dövlət Akademik Teatrının “Vanya dayı” (A.Mayemirovun quruluşunda) tamaşasına verilib. Qazaxların tamaşası daha iki mükafata – “Ən yaxşı ssenoqrafiyaya görə” və “Ən yaxşı qadın roluna görə” (Yelena Andreyevna rolunun ifaçısı Janel Makajanova) mükafata layiq görülüb. Dağıstandakı Noqay Dövlət Dram Teatrının “Uçqun” tamaşası (A.Calalovun quruluşunda) “Kiçik formatlı ən yaxşı tamaşa” hesab edilib. “Ən parlaq plastik həll” nominasiyasında isə “Araş” tamaşasının quruluşçu rejissoru B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrının baş rejissoru Boris Manciyev qalib gəlib.
A.P.Salavatov adına Dağıstan Dövlət Kumık Teatrının “Xanuma” tamaşası qazax teatrı kimi üç mükafata layiq bilinib: Dmitri Pavlov “Ən yaxşı rejissor işinə görə”, İmam Akautdinov “Ən yaxşı kişi roluna görə”, Vera Aqoşkina isə “Ən yaxşı geyim rəssamı” olaraq fərqləndiriliblər.
Azərbaycan teatrı da festivaldan əliboş qayıtmayıb: “Ölülər” tamaşası “Kütləvi səhnələrin yüksək mədəni həllinə görə” mükafatlandırılıb.
Xatırladaq ki, artıq üç mövsümdən bəri teatrın repertuarında olan tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir. Tamaşada dahi bəstəkar Qara Qarayevin əsərin 1966-cı il səhnə təcəssümü üçün bəstələdiyi musiqidən istifadə edilib. Səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir. Əsas rolları Xalq artisti Nurəddin Mehdixanlı (Şeyx Nəsrullah) və Əməkdar artist Anar Heybətov (Kefli İsgəndər) ifa edirlər.
GÜLCAHAN