Məktəblərin ibtidai sinif şagirdlərinin yaz tətili (1-5 may) günlərini yaddaqalan edən teatr-konsert müəssisələrindən biri də Şuşa Dövlət Musiqili Dram Teatrı oldu. Teatr paytaxtdakı yeni məkanında balacalara ərəb nağılları əsasında “Əlibaba və qırx quldur” tamaşasını təqdim etdi.

İndiyədək respublikanın bir neçə teatrında səhnə yozumunu tapan klassik nağıl-tamaşaya Şuşa teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verib, səhnə tərtibatçısı Valeh Məmmədovdur. Birhissəli nağıl-tamaşada rolları Emin Sevdimalıyev (Əlibaba),  Gündüz Qasımov (Qasım), Zəhra Salayeva (Zeynəb), Günel İmanova (Fatimə) və başqaları ifa edirlər.

Tamaşada böyük qardaş Qasımın Əlibabaya qarşı xəsisliyi, hiyləgərliyi önə çəkilməklə pul, varlanmaq həvəsinin doğmalıq, yaxınlıq hislərinin önünə keçdikdə hansı acı nəticələrə gətirə biləcəyi göstərilir. Əlibabanın  zəhmətsevərliyi, dürüstlüyü, ədalət hissi sayəsində əsl qəhrəmana çevrilməsi məntiqi nəticəsini tapır. Qardaşının meşədə odun doğramaq üçün istədiyi baltanı belə ona satan, hətta 3-4 qat artıq pulunu alacağını deyən tamahkar Qasımın başına gələnlər də ibrətamizdir. Hiyləyə əl atan və tamahkarlığı üzündən quldurların əlinə düşən Qasımın yenə də qardaşı tərəfindən xilas edilməsi Əlibabanın xilaskar və mərhəmətli obrazını təsvir edir.

Rejissor əsas diqqəti quldurların mağarasının sehrini öyrənən və cah-cəlal qaynayan mağaradan yalnız ehtiyacı olan qədər qızıl götürən Əlibabaya çəkir. Quldurların talançılıqla, qarətlə əldə etdikləri qızılları belə ehtiyacı olduğu qədər götürən və onu da özü kimi kasıblara sərf edən Əlibabanın əməli tamaşaçılara “xeyir daim şərə qalib gəlir” mesajını verir.

Quruluş müəllifi və rəssam klassik nağıla sadə səhnə tərtibatı verməklə rəngarəng Şərq üslublu səhnə geyimləri ilə tamaşaçıların gözünü oxşamağa çalışıblar. Musiqi tərtibatı, seçilən parçaların polifonik ardıcıllığı da səhnə əsərini baxımlı edir.

HƏMİDƏ