Yaponiya Mədəniyyət İşləri Agentliyinin yaydığı məlumata görə, ölkənin qərbində yerləşən Osaka prefekturasındakı Mozu-Furuiçi qədim qəbiristanlıq təpələri beynəlxalq ekspertlər qrupu tərəfindən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün tövsiyə olunub.

Abidələrin və Görməli Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) tövsiyəsinə əsasən, UNESCO-nun Dünya İrs Komitəsi bu ilin 30 iyun – 12 iyulunda Bakıda keçiriləcək sessiyasında bu barədə qərar qəbul edəcək.

Mozu-Furuiçi qədim qəbiristanlıq təpələri (kofun) Yaponiyanın UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən sayca 19-cu mədəniyyət abidəsi olacaq. Ümumilikdə, bununla Dünya İrsi Siyahısında Yaponiyaya məxsus obyektlərin sayı, təbii abidələr də daxil olmaqla, 23-ə çatacaq.

Mozu-Furuiçi təpələri IV əsrin sonlarından VI əsrin sonlarınadək inşa edilən 49 kurqandan ibarətdir. Mozu vilayətinin kurqanları arasında İmperator Nintokunun 500 metr uzunluğunda kurqanı da var. Bu, Yaponiyada açar yeri şəklində olan ən böyük kurqan hesab edilir.