Bu il səhnəmizin ilk Məcnunu, görkəmli opera müğənnisi, pedaqoq, rejissor, dramaturq, Xalq artisti Hüseynqulu Sarabskinin (1879-1945) 140 illiyidir. Prezident İlham Əliyev böyük səhnə xadiminin yubileyinin qeyd olunması haqqında sərəncam imzalamışdır.

Milli professional teatr tarixində Hüseynqulu Sarabskinin xüsusi xidmətləri var. Belə sənətkarlar Azərbaycan incəsənətində, mədəniyyətində nadir və əvəzolunmaz şəxsiyyətlərdir. Sənət, maariflənmə və tərəqqi yolunda bütün varlıqları ilə çalışan, mövcud çətinliklərə əzmlə sinə gərən, tutduqları amala sonadək sadiq qalan belə sənətkarların adı əbədi olaraq tarixə düşmüşdür.

H.Sarabskinin fəaliyyəti son dərəcə geniş və müxtəlif olmuşdur. O həm opera səhnəsində, həm dramatik teatrda müğənni və aktyor kimi çıxış etmiş, rejissorluq sahəsində çalışmış, teatr üçün dram əsərləri yazmış, mahnı bəstələmiş, folklorşünaslıqla məşğul olmuş, musiqinin tədrisi ilə bağlı pedaqoji iş aparmış, ictimai xadim kimi fəaliyyət göstərmişdir. Bütün bu aspektləri sənətkar tam bir vəhdət halında öz yaradıcılığında cəmləşdirmişdir.

Görkəmli sənətkarın yaradıcılıq fəaliyyəti Azərbaycanın ictimai-siyasi həyatının çox çətin və mürəkkəb dövrünə təsadüf etmişdir. Köhnə Bakının mədəni həyatında bir tərəfdən sabit müsəlman-Şərq qayda-qanunları, digər tərəfdənsə Qərbmeyilli yeniliklər qovuşaraq zəngin bir mühit yaradırdı. Məhz belə bir mühit proqressiv təfəkkürlü şəxsiyyətlər üçün geniş imkanlar açırdı. Onun uşaqlıq illəri milli adət-ənənələrə bağlı mühitdə keçmişdir ki, bu da balaca Hüseynqulunun formalaşmasına güclü təsir göstərmişdir. O, müxtəlif məişət və dini mərasimlərin fəal iştirakçısı və ifaçısı olmuşdur. Bu mərasimlərdə səslənən müxtəlif oxumalar, mahnılar H.Sarabskinin uşaq yaddaşında dərin iz qoymuş və onun gələcəkdə ifaçı kimi yetişməsinə xüsusi təkan vermişdir.

XX əsrin əvvəllərində Bakıda xüsusilə teatr mədəniyyəti dinamik inkişaf edirdi. Bu zaman paytaxtda Rusiyadan müxtəlif teatr truppalarının, hətta italyan operasının, bir çox məşhur ifaçıların qastrolları reallaşır, müxtəlif xarakterli konsertlər təşkil olunurdu. Şübhəsiz ki, bütün bunlar H.Sarabskinin yaradıcı düşüncəsinə güclü təsir göstərir və onun teatr sahəsinə getdikcə daha da marağını artırır, bu sənətə dərindən bağlayırdı. Bu mühitdə Azərbaycan milli teatr sənəti maarifçilik funksiyasını öz üzərinə götürərək dövrün tələb olunan ideyalarını təbliğ edir və bununla da tərəqqipərvər xarakter qazanırdı. Məhz belə bir şəraitdə gənc H.Sarabski tərəqqini gücləndirən fəal maarifçilər ordusuna qoşulur. Onun fəaliyyəti Azərbaycanın görkəmli musiqi və teatr xadimləri, maarifçiləri olan Ü.Hacıbəyli, M.Maqomayev, H.Ərəblinski, M.Əliyev, Ə.Haqverdiyev, N.Nərimanov, C.Məmmədquluzadə, R.Əfəndiyev və başqalarının yaradıcılıq fəaliyyəti ilə sıx bağlı olmuşdur.

H.Sarabski teatr səhnəsində ilk addımını 1902-ci ildə “Müsəlman dram cəmiyyəti”ndə atmışdır. Görkəmli dramaturq və ictimai xadim N.Nərimanovun təşkil etdiyi bu teatr həvəskarları dərnəyində onun oynadığı ilk rol “Dilin bəlası” komediyasındakı Rəsul obrazı olmuşdur. Bunun ardınca H.Sarabskinin teatr həvəskarları səhnəsində altı il davam edən çıxışları “Müsibəti-Fəxrəddin”, “Axşam səbri xeyir olar”, “Əbdül Üla”, “Qazavat”, “Otello”, “Əl-Mənsur”, “Quldurlar” və digər tamaşalarda davam etmişdir. Bundan əlavə, o, XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən “Nicat”, “Səfa” mədəni-maarif cəmiyyətlərinin dram dəstələrində, özünün təşkil etdiyi “Müsəlman opera truppası”nda, A.M.Şərifzadənin rəhbəri olduğu, Zülfüqar və Üzeyir bəy Hacıbəyli qardaşlarının fəal iştirak etdiyi “Müsəlman artistləri ittifaqı”nda aktyor kimi fəaliyyət göstərmişdir. Bu təşkilatların hazırladıqları tamaşalarda H.Sarabski oynadığı dramatik rolları böyük ustalıqla yaradaraq öz vəzifə borcunu layiqincə yerinə yetirirdi. O, yerli müəlliflərlə yanaşı, V.Şekspir, H.Heyne, N.Qoqol, F.Şiller, K.Bexmetov və başqalarının əsərlərinin tamaşasında oynayırdı. Bütün bunlarla bərabər, H.Sarabski özü də teatr üçün pyeslər qələmə almışdır. Bunlardan “Axtaran tapar”, “Cəhalət”, “Nə doğrarsan aşına, o da çıxar qaşığına” repertuara daxil edilərək səhnələşdirilmişdir.

H.Sarabskini istedadlı və unudulmaz aktyor kimi uzun zaman yaddaşlarda saxlayan onun 1908-ci il yanvarın 12-də milli opera teatrı tarixində əlamətdar hadisə olan Ü.Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının ilk tamaşasında Məcnun rolunu ifa etməsi idi. Həqiqətən, bu obrazın mahir və əvəzolunmaz ifaçısı olduğu üçün “Məcnun”, “səhnənin yaraşığı” titullarını qazanır. O, Məcnunu səhnədə uzun müddət (360 dəfə) eyni həvəs və məharətlə yaratmışdır. Məhz opera səhnəsində qazanılan bu ilk uğurla Ü.Hacıbəyli və H.Sarabski arasında sıx yaradıcılıq əlaqələri formalaşır.

Bu yaradıcı əməkdaşlıq nəticəsində Azərbaycan musiqi mədəniyyətinə yeni-yeni opera və operettalar daxil olur.

“Leyli və Məcnun”un ilk tamaşasından dərhal sonra dövri mətbuatda H.Sarabskinin yüksək istedadı, parlaq, ecazkar ifası və professionallığı haqqında müxtəlif rəylər dərc olunur. Həmin yazılarda  operanın müvəffəqiyyət qazanmasında bəstəkar dühası ilə yanaşı, H.Sarabskinin təkrarsız ifasının da mühüm rol oynadığı vurğulanır. Sənətkarın adı uzun müddət “Leyli və Məcnun” operasının afişalarını, anonslarını bəzəmişdir. Aktyor həmçinin Üzeyir bəyin “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”, “Rüstəm və Söhrab”, “Şeyx Sənan”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad” və s. əsərlərinin səhnə taleyində mühüm rol oynamışdır. O, sanki bu musiqili tamaşaların əsas “aparıcısı”, başlıca və mərkəzi “obrazı” idi. Bütün bunlar Azərbaycan musiqili teatrının təşəkkülündə və inkişafında H.Sarabski sənətinin böyüklüyünü, əhəmiyyətini və özünəməxsusluğunu təsdiq edir. Görkəmli səhnə xadiminin iştirak etdiyi bu tamaşalar təkcə Bakıda, Azərbaycanın müxtəlif guşələrində deyil, İranda, Gürcüstanda, Rusiyanın şəhərlərində də böyük müvəffəqiyyətlə nümayiş olunurdu. Hər bir tamaşadan sonra onun ünvanına təşəkkürlər, minnətdarlıqlar bildirilirdi.

Diqqətəlayiq haldır ki, H.Sarabski bu tamaşalarda təkcə ifaçılıq qabiliyyətini deyil, həm də rejissorluq bacarığını da göstərmişdir. Bu da onun yaradıcılıq fəaliyyətinin vacib aspektlərindən biridir. Bizə məlum olan arxiv materiallarına görə, o həm opera, həm də dramatik tamaşaların rejissoru olmuşdur. Xüsusilə, onun M.Maqomayevlə birgə 1914-cü ildə təşkil etdiyi “Müsəlman opera truppası”nda rejissorluq fəaliyyəti bir sıra opera və musiqili komediyaların səhnələşdirilməsinə gətirib çıxarmışdır. İlk dəfə olaraq bu opera truppasında H.Sarabskinin rəhbərliyi altında A.Rubinşteynin “Sulamif” operasının Azərbaycan dilinə tərcümə olunaraq ifa edilməsi Azərbaycan opera sənəti tarixində əlamətdar hadisəyə çevrilir. Bu, artıq Şərq üslublu muğam opera ifaçılarının klassik Avropa tipli opera əsərlərini də ifa etməyə hazır olduqlarını göstərirdi. Əlbəttə, az bir vaxt ərzində belə bir ciddi addımın atılması Azərbaycan musiqili teatrı üçün mühüm tarixi irəliləyiş idi.

XX əsrin 20-30-cu illəri Azərbaycan milli opera teatrının ən çətin, mürəkkəb, eyni zamanda təhlükəli dövrü idi. Türk operasının gələcək taleyi, yaşayıb-yaşamaması uğrunda gedən çox ciddi mübarizədə H.Sarabski öz məsləkdaşları Ü.Hacıbəyli, M.Maqomayev və başqaları ilə birlikdə qəti mövqeyini bildirməkdən çəkinməmişdir. Bütün çətinliklərə və təqiblərə baxmayaraq, o, əvvəlki kimi sevimli obrazlarını məsuliyyətlə ifa etməkdə davam edirdi. Ömrünün sonunadək H.Sarabski Azərbaycan Dövlət Opera və Balet Teatrının ən öndə gedən aktyorlarından biri kimi fəaliyyət göstərdi.

H.Sarabski həm də yorulmaz pedaqoq olmuşdur. O, XX əsrin 20-ci illərindən ömrünün sonunadək kadr hazırlığında fəal iştirak etmişdir. Onun Azərbaycan Dövlət Konservatoriyasında, A.Zeynallı adına Musiqi Texnikumunda muğam sinfi üzrə apardığı dərslər bir sıra istedadlı xanəndələrin yetişməsinə imkan vermişdir. Bunlardan Sara Qədimova, Şövkət Ələkbərova, Əlövsət Abdullayev və başqaları öz müəllimlərinin sənət yolunu davam etdirmişlər. Onun tələbələrinə ünvanladığı tövsiyələri bir sıra məqalələrində əksini tapmışdır. Məsələn, AMEA-nın Əlyazmalar İnstitutunun arxivində saxlanılan “Muğamat və el mahnıları haqqında” məqaləsində o, musiqi təhsili, kadr hazırlığı, muğamın tədrisi, ifaçılıq xüsusiyyətləri, muğamda söz və səsin qarşılıqlı əlaqəsi kimi məsələlərin izahında öz mövqeyini ortaya qoyur, dərin biliyini göstərir və xalq yaradıcılığının, milli musiqinin düşmənlərinə layiqli cavablar verirdi.

H.Sarabski xanəndə hazırlığına ciddi münasibət bəsləyirdi. O, yalnız elmlə təcrübənin üzvi birliyi əsasında yüksək səviyyəli, professional ifaçının yetişməsini mümkün hesab edirdi. Onun dərsləri musiqi nəzəriyyəsi və tarixi mülahizələri ilə müşayiət olunur, özünün dərin məzmunu və düzgün metodu ilə seçilirdi.

İstedadlı səhnə xadiminin ictimai fəaliyyəti müxtəlif sahələrdə təzahür edir və sənətkarın maraq dairəsinin genişliyini göstərir. O, ilk növbədə, əvvəldə qeyd etdiyimiz kimi, “Müsəlman opera truppası”nın təşkilatçısı olmuş, 1928-ci ildə Bakıda aşıqların I qurultayının təşkilində və keçirilməsində fəal iştirak etmiş, 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Elmi-tədqiqat musiqi kabinetinin yaradılmasına və fəaliyyətinə yaxından köməklik göstərmiş, həmin il “Respublika Xalq Yaradıcılığı Evi”nin yaradılması təklifini vermiş və ömrünün sonunadək ona rəhbərlik etmişdir. Bundan əlavə, H.Sarabskinin 20-ci illərdə Mərkəzi Fəhlə klubunda, Partiya Məktəbində teatr dərnəkləri təşkil etməsi, müxtəlif təşviqat-təbliğat briqadalarının rəhbəri kimi fəaliyyət göstərməsi onun ictimai fəallığını aydın şəkildə ortaya qoyur.

Ötən əsrin 30-cu illəri ölkəmizdə xor kollektivlərinin təşkili ilə də əlamətdar olmuşdur. H.Sarabski 1932-ci ildə 30 nəfərdən ibarət Talış xorunun yaradılmasına müvəffəq olmuş və bədii rəhbər kimi az bir vaxt ərzində böyük uğurlar qazanmışdır.

Hazırda H.Sarabskinin sənəti, onun musiqili teatr səhnəsində açdığı ilk cığırlar artıq aydın istiqamət almış geniş bir yola çevrilmişdir. O, dahi Ü.Hacıbəylinin də qeyd etdiyi kimi, yaratdığı obrazları ilə “öz-özündə elə bir məharət göstərdi ki, sair artistlər üçün də bir nümunə, tam bir məktəb oldu”.

1928-ci ildə görkəmli sənətkarın səhnə fəaliyyətinin 20 illik yubileyi qeyd olunur. H.Sarabski yaradıcılığının tədqiqatçısı Qubad Qasımov sənətkara həsr etdiyi məqalələrinin birində yazırdı: “Onun 20 illik yubileyi türk səhnəsinin yubileyidir, türk incəsənətinin fəxridir”.

Bu il 140 illik yubileyi qeyd edilən görkəmli səhnə, sənət fədaisi Hüseynqulu Sarabskinin həyat və yaradıcılıq yolu həm də Azərbaycan musiqili teatrının, milli operasının tarixidir.

Rəna MƏMMƏDOVA-SARABSKAYA
AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor