Yuğ Dövlət Teatrının kollektivi Rusiya Federasiyası Tatarıstan Respublikasına səfərdən qayıdıb. Kollektiv Tatarıstanın paytaxtı Kazanda türkdilli xalqların “Novruz” teatr festivalında iştirak edib. Teatr festivalda R.Akutaqavanın “Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” tamaşasını təqdim edib.
K.Tinçurin adına Tatarıstan Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunan tamaşa həm mütəxəssislər, həm də teatrsevərlər tərəfindən müsbət qarşılanıb. Yuğ teatrı festivalda iştirakına görə diplomla təltif edilib.
“Müəmmalı bir qətlin üç versiyası” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadədir. Rolları Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov oynayırlar.
Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrının təşkilatçılığı ilə keçirilən XIV “Novruz” festivalının proqramında Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiyanın teatr kollektivlərinin tamaşaları yer alıb. Rumıniyanın Nottara teatrı Molyer və Bulqakovun əsərləri əsasında hazırlanmış “Molyer” tamaşası ilə festivalda xüsusi qonaq kimi iştirak edib.
* * *
Rejissor Tərlan Rəsulovun rəhbərlik etdiyi “dOM” müstəqil teatrı isə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Başqırdıstanda keçirilən “Tuğanlıq” festivalında iştirak edib. Teatr festivala dramaturq İsmayıl İmanovun əsəri əsasında Tərlan Rəsulovun quruluş verdiyi “Limbo” immersiv tamaşasını aparıb.
Türkdilli teatrların “Tuğanlıq” festivalı artıq yeddinci dəfə keçirilir. Ufa şəhərində təşkil olunan budəfəki festival Başqırdıstan Respublikasının və M.Qafuri adına Başqırd Akademik Dram Teatrının 100 illiyinə təsadüf edib. Başqırdıstan, Tatarıstan, Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Krım, Qaqauz Yeri, Qırğızıstan, Tuva, Xakasiya, Altay Respublikasının ümumilikdə 14 teatr kollektivi öz tamaşalarını təqdim edib.
“dOM” teatrının kollektivi öz tamaşasını M.Qafuri adına BADT-nin kiçik səhnəsində oynayıb. Azərbaycan və rus dillərində ifa olunan “Limbo” immersiv tamaşası qeyri-adi quruluşu ilə marağa səbəb olub. Başqırd tamaşaçılar aktiv şəkildə oyuna qoşularaq səhnədə baş verənlərə canlı reaksiya veriblər. “dOM” teatrının aktyorları “Yeni səhnə məkanının və tamaşaçı ilə ünsiyyət üsullarının mənimsənilməsi” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb.
Teatrın direktoru Tərlan Rəsulov həmçinin festival çərçivəsində baş tutan “Mədəniyyətlərarası dialoq və türkdilli teatrlar” adlı elmi-praktik konfransda çıxış edib. Festivalın yekununda keçirilən etnokonsertdə isə teatrın aktrisası, Əməkdar artist Yaqut Paşazadə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə çıxış edib.