Bakı Xoreoqrafiya Akademiyası İncəsənət fakültəsinin xoreoqrafiya sənəti ixtisası üzrə IV kurs tələbələri iyunun 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında diplom tamaşalarını təqdim etdilər.

Əvvəlcə tədbirin aparıcısı – Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə tamaşalar haqqında  məlumat verdi. Bildirdi ki, bu gün akademiya üçün əlamətdar gündür. BMA-nın ali təhsil pilləsinin bakalavr səviyyəsi üzrə ilk diplom tamaşaları təqdim olunur: “Bu gün xoreoqrafiya sənəti ixtisası üzrə təhsil alan tələbələrin tamaşaları göstəriləcək. Bundan öncə orta ixtisas səviyyəsində də diplom tamaşası nümayiş olunub. Ümidvaram ki, tələbələrin tamaşalarında rəqsin dili ilə çatdırılan bədii obrazlar qonaqların ürəyincə olacaq”.

Sonra BXA tələbələrinin çıxışları başladı. İlk olaraq akademiyanın 4-cü kurs tələbəsi, Əməkdar artist Nigar Şahmuradovanın Qara Qarayevin 1-ci simfoniyası əsasında quruluş verdiyi “Ülvi məhəbbət” diplom tamaşası təqdim olundu. Tamaşanın diplom rəhbəri Xalq artisti, dosent Kamilla Hüseynovadır.

Daha sonra xoreoqrafiya sənəti ixtisası üzrə IV kurs tələbələri Məhəmməd Abdullayev, Nərgiz Həsənova və Elnur Hüseynlinin quruluş verdiyi “Məchul pilləkən” adlı diplom tamaşası göstərildi. Tamaşanın diplom rəhbəri Əməkdar artist, dosent Zakir Ağayevdir.

Tamaşalardan sonra tələbələr çıxış edərək Bakı Xoreoqrafiya Akademiyasının bütün müəllim kollektivinə təşəkkürlərini bildirdilər.

NURƏDDİN