İyunun 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti oynanıldı. İlk baxışda bu cümlənin heç bir xəbər yükü yoxdur. Çünki bu balet yarandığı gündən teatrımızın repertuarındadır və neçə-neçə balet artisti Gülyanaq, Polad, Cahangir xan kimi obrazlarla özünü tamaşaçılara tanıdıb və sevdirib.

Sadəcə, budəfəki nümayişin anlamı və çəkisi başqa idi. Səhnəyə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tələbələri çıxacaqdılar və bu tamaşa onların buraxılış imtahanı idi.

Tamaşa başlamazdan əvvəl səhnə arxasındakı həyəcanı yalnız təsəvvür etsək də, salondakı həyəcan göz qabağında idi. Müəllimlərin narahat gəzişmələri, bir-birinə ürək-dirək verməsi, böyük səhnədə debüt edəcək əzizini seyr etmək üçün bəlkə də ilk dəfə teatra gələn qucağı gül dəstəli bəzi tamaşaçıların davranışı anladırdı ki, qırmızı mahud pərdənin arxasında hansı ehtiraslar coşmaqdadır. Əslində, bu həyəcanın teatrın kollektivinə də dəxli var idi. İndiyədək yalnız  muğam tamaşaları zamanı dirijor pultu arxasında gördüyümüz xormeyster-dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva ilk dəfə idi ki, balet tamaşasını iradə edirdi və onun da məsuliyyətdən irəli gələn həyəcanını anlamaq çətin deyildi.

Nəhayət, tamaşa başladı. Bakının yaxınlığındakı kənddə əhali Novruz bayramı günlərinə təsadüf edən xoş bir mərasimin şadyanalığına yığışıb. Kəndin gözəl qızı Gülyanaqla igid Polad nişanlanırlar. Qızların rəqsi, Ananın və yaşlıların sevinci bir-birinə qarışıb. Elə ilk səhnələrdə Gülyanaqla Poladın adajiosu tamaşaçıların alqışını qazanır. Lakin camaatın sevinci gözündə qalır. Çünki əsgərləri ilə kəndə gələn əzazil Cahangir xan öz hərəmxanası üçün yeni cariyə seçmək niyyətindədir. Gülyanağın gözəlliyi onu necə valeh edirsə, o, qıza evlənmək təklifi edir...

Təbii ki, niyyətimiz tamaşanın məzmununu danışmaq deyil. Ən azından ona görə ki, bu balet müəyyən musiqi və səhnə redaktələri ilə elə ən yaxşı klassik quruluşunda – bir zamanlar ilk milli baletimizdə Gülyanaq partiyasını ifa etmiş ilk azərbaycanlı balerinamız, SSRİ Xalq artisti Qəmər Almaszadənin quruluşunda təqdim edilirdi. Əslində, burada təəccüblü heç nə yoxdur. Dünya balet teatrı ənənəsinə görə, ən yaxşı quruluşlar dəyişdirilmir. Haşiyə çıxaq ki, dahi xoreoqraf Petipanın bir sıra quruluşları müntəxəbat kimi istər Rusiyada, istərsə də digər ölkələrdə yüz əlli ildən çoxdur ki səhnədən düşmür. Balet tamaşasında əsas göstərici ifaçıların bir-birini anlaması, orkestrlə unison çıxışı və qəhrəmanının hislərini mimik və vücud cizgiləri ilə çatdırmaq məharətidir. Bu əsas göstəricilərin prizmasından baxarkən səhnədə yaxın gələcəyin balet ulduzlarının uğurlu addımlarını seyr etdik deyə bilərik.

Əsas partiyaların ifaçıları – Zəhra Tanrıverdiyeva (BXA kollecinin buraxılış sinfi), Murad Kərimov (bakalavr pilləsi, I kurs) və Seymur Qədiyev (bakalavr pilləsi, II kurs) onlara tapşırılmış Gülyanaq, Polad və Cahangir xan partiyalarının öhdəsindən  layiqincə  gəldilər. Q.Almaszadə adına beynəlxalq müsabiqənin laureatı olmuş gənc balerina Zəhranın isə daha böyük uğurlara imza atacağını, qarşıdakı illərdə çalışacağı hər hansı kollektivdə prima səviyyəsinə yüksələcəyini gözləməyə dəyər. Bir şərtlə ki, fitrətdən olan gözəllik və istedadına böyük əməksevərlik qatmağın əziyyətinə qatlaşmaqdan yorulmaya.

Murad Kərimovun (Polad) və Seymur Qədiyevin (Cahangir) ifaları haqqında da xoş sözlər demək olar. Onların yerinə yetirdikləri piruetlərdəki qüsursuzluq, fırlanma və tullanış hərəkətlərində daha böyük amplituda can atmaları diqqətimizdən yayınmadı.

“Qız qalası” baletində çox sayda divertisment, yəni rəqs nömrəsi var ki, bu da ikinci dərəcəli rolların ifaçılarına, kütləvi səhnə iştirakçılarına tamaşaçının diqqətini artırır. Saraydakı toy pərdəsində gürcü, özbək, fars rəqsi ifa edən qonaqlar və ilk pərdədə milli rəqslərimizi oynayan  akademiyanın milli rəqs üzrə təhsil alan tələbələrinin məhz klassik balet ifaçıları ilə səhnə ünsiyyətinin alınması, simfonik orkestrin müşayiəti ilə rahat çıxışı, şəksiz ki, müəllimlərin uğuru idi.

Yeri gəlmişkən, müəllimlər barədə. Tamaşa bitdikdən sonra bu gözəl tamaşanın ərsəyə gəlməsində böyük əməyi keçmiş müəllimləri biz də tanıdıq. Xoreoqraflar və diplom rəhbərləri Milli rəqs kafedrasının baş müəllimi, Xalq artisti və dosent Yusif Qasımov, əməkdar artistlər Səbinə Qasımova və Rimma İsgəndərova, repetitor Yelena Çernousova, bədii rəhbər Xalq artisti Kamilla Hüseynova böyük zəhmətlərinin müqabilində salon dolusu alqışları haqq etdilər. Biz də  böyük səhnəyə “bizi gözlə, səni fəth etməyə hazırıq” ismarışına şahid olduq.

Gülcahan MİRMƏMMƏD