“Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq 23-25 iyun tarixində Bakı şəhərində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcək.

Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılığının inkişaf etdirilməsində bu kollektivlərin əhəmiyyətli rolu var.

Bu ilin aprel ayı ərzində Bakı şəhəri və respublikanın bölgələrində III Respublika Xalq Teatrları Festivalının seçim mərhələsi keçirilib. Həmin mərhələdə uğurla çıxış etmiş İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları final mərhələsinə dəvət edilib. Final mərhələsi üçün Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcək.

Festivalın final mərhələsində tamaşalar 23 iyunda R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, iyunun 24-də Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq. Bağlanış mərasimi 24 iyun saat 17-də Gənc Tamaşaçılar Teatrında keçiriləcək.

Festival çərçivəsində iyunun 25-də Muzey Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə birgə I Respublika Xalq Teatrları Konfransı təşkil ediləcək. Tədbirdə nazirliyin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələrinin nümayəndələri, peşəkar teatrların rəhbərləri, xalq teatrları kollektivlərinin rejissor və bədii rəhbərləri, aktyorları, habelə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcəklər.