İyunun 29-da Akademik Musiqili Teatrda rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası nümayiş olunacaq.

Bir çox teatrlarda tamaşaçılara müxtəlif yozumlarda göstərilən oduncaq adam – Buratino haqqında rəvayətlər Musiqili teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluş və musiqi tərtibatında təqdim ediləcək. Əsəri Azərbaycan dilinə Əməkdar artist Nicat Kazımov tərcümə edib.

Rolları əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili və başqaları oynayır.

Yaradıcı gənclərə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.