Tələbələrin tamaşası Kazan festivalında göstərilib

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində ənənəvi “Novruz” festivalı çərçivəsində ilk dəfə “Novruz məktəb” (“Nauruz school”) Beynəlxalq tələbə tamaşaları festivalı keçirilib.

Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Macarıstan, Yakutiya, həmçinin Moskvanın bədii təhsil məktəblərinin iştirak etdiyi festivala Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri qatılıblar. Tələbələr Röyal Allahverdiyev, Elsevər Rəhimov, Esmeralda Abdullayeva, Səmayə Ağayarova, Ələkbər Axundov, Çinarə Qurbanova, Saleh Cümşüdlü, Çinarə Səmədova, Aysel Feziyeva, Orxan İsrafilov və Rafael Quliyev (kurs rəhbəri və tamaşanın quruluşçu rejissoru – Xalq artisti, dosent Məmməd Səfa) Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesi əsasında hazırlanmış “Qara oyun” tamaşasını göstəriblər.

Kollektiv festivalda iştirakına görə diplomla təltif olunub.

Festivalda həmçinin, ADMİU-nun Teatrşünaslıq kafedrasının professoru, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov və baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova iştirak edib. Festivalın əsas proqramına ekspert kimi dəvət alan İsrafil İsrafilov öz fikirləri, irad və təklifləri ilə gənclərə dəstək olub.

Teatrşünas Fəridə Cəlilova isə ədəbi materialı rus dilinə çevirib, sinxron tərcüməni həyata keçirib və ustad dərslərində həm tərcüməçi, həm də mütəxəssis kimi fəal iştirak edib.

Teatr təhsilinə dəstək olmaq məqsədini qarşıya qoyan festivalda tamaşaların nümayişi ilə yanaşı, müzakirələr, seminar və ustad dərsləri keçirilib. Qazaxıstanın Əməkdar incəsənət xadimi Yerlan Bilalov ADMİU-nun tələbələri üçün, ADMİU-nun müəllimi, Xalq artisti Məmməd Səfa qazaxıstanlı tələbələr üçün ustad dərsi keçib.