İyunun 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni yaranmış “TƏK” (“Teatr-Ədəbiyyat-Kino”) Yaradıcılıq Platforması öz məhsulunu təqdim etdi.

Platforma ilk işi kimi görkəmli rus yazıçısı Mixail Bulqakovun yaradıcılığına müraciət edib. Müəllifin məşhur, zamanında yasaq edilmiş “İt ürəyi” povestinin motivləri əsasında hazırlanmış tamaşa bir çox məqamları ilə maraqlı idi ki, onları sadalamaq yersiz olmaz.

Əvvələn, Mixail Bulqakovun əsərinin Azərbaycan səhnəsində görünməsi faktı.

İkincisi, gənc rejissor Asiman Ağayevin (iki-üç il əvvəl Teatr Xadimləri İttifaqındakı rejissor laboratoriyasında atası, mərhum Rövşən Ağayevin “Sonluğun sonu” pyesi əsasında anası, Əməkdar artist Güşvər Şərifovanın iştirakı ilə hazırladığı monotamaşadan yadımızda qalıb) növbəti quruluşunu görmək, bu gün teatra gələn gənc rejissorların hansı əsərlərə meyil etdiyini bilmək.

Üçüncüsü, Azərbaycan teatr məkanında yetərincə tanınan və yolları düşəndə beynəlxalq teatr festivallarında əcnəbi teatr xadimlərinin də çox bəyəndiyi iki təcrübəli aktyor – əməkdar artistlər Qasım Nağı (Professor Preobrajenski) və Ayşad Məmmədovun (Müdrik Qoca) gənc aktyorlarla eyni səhnəni paylaşdığını görmək.

Dördüncü, bəlkə də ən vacib məqam. Konkret teatr truppasında çalışmayan, yaxud çalışdığı teatrda sənət həvəsini tam ödəyə bilmədiyi, ya da enerjisini tam sərf edə bilmədiyi üçün, üstəlik antrepriz tamaşalarda çıxış etməyə maraq göstərən cavan aktyorların Bulqakovun əsəri ilə yadda qalmaq şansı.

Əsər kifayət qədər məlumdur. Povest əsasında 1988-ci ildə ekranlaşdırılan (rejissor Vladimir Bortko), Professor Preobrajenski rolunda dahi aktyor Yevgeni Yevstiqneyevin çəkildiyi filmə çoxları baxıb. Məşhur cərrah, köhnə aristokrat, təzə quruluşda da əvvəlki şakərindən əl çəkmədən yaşamağa cəhd edən Professor Preobrajenskinin yiyəsiz küçə itini insana çevirməsi və bunun fəsadları, alimin peşman olaraq itdəndönmə Şarikovu yenidən əməliyyatla itə çevirməsi heç də hər cəmiyyətdə, xüsusən də həyatın dibindəki lümpenlərin söz, vəzifə sahibinə çevrildiyi cəmiyyətdə birmənalı qarşılana bilməz. Mixail Bulqakovun 1924-cü ildən ta yenidənqurma dövrünədək SSRİ-də yasaq edilmiş əsərinin məğzi budur. Bizimkilərin tamaşasındasa Şarikovun yenidən itə çevrilməsi məqamı yetişmir. Tamaşa, professor Preobrajenskinin öz assistenti Bormentala (Vüsal Murtuzəliyev) etiraf etdiyi kimi, əgər analar uşaq dünyaya gətirirsə, yenidən elmin köməyilə insan yetişdirməyə ehtiyacın olmaması fikri üzərində qurulub. Yəni əsərin məğzi bir qədər dəyişilib.

Birnəfəsə (həm tamaşanın ritminə görə, həm də birhissəli olduğuna görə) oynanılan “İt ürəyi” tamaşası həm də bizə tanıdığımız və tanımadığımız aktyorların potensialını göstərdiyi üçün də maraqlı idi. Şarikov rolunda çıxış edən gənc aktyor Nurlan Süleymanlının təkcə hərəkət və mimik baxımdan deyil, hətta nitq baxımından öz rolunu obrazın adına uyğun oynaması, “domkom” deyilən Evlər komitəsinin proletar nümayəndələri, heç əməliyyatsız da düşüncə baxımından Şarikovdan çox da fərqlənməyən Şvonder (quruluşçu rejissor Asiman Ağayev), Vyazemskaya (Günay Əhməd), Yarovkin (Tunar Əlizadə) rollarında gənc aktyorlar “TƏK”in bu tamaşası ilə özlərini bir daha səhnə adamı olaraq tanıtdılar.

“TƏK”in sənət aləmində yer tutmaq iddiası da, ilk nümunə olaraq “İt ürəyi” kimi cəmiyyətdaxili problemləri qabardan əsərə müraciəti də anlaşılan və alqışlanandır. Təki bu tamaşa “TƏK” platformasının təkcə işi kimi yadda qalmasın.

Gülcahan MİRMƏMMƏD