Görkəmli opera müğənnisi, aktyor, rejissor, Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illiyi haqqında Prezident İlham Əliyevin 4 mart 2019-cu il tarixli sərəncamına əsasən iyunun 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında sənətkarın yubileyinə həsr olunmuş tədbir keçirilib.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tədbirə teatr korifeyinin həyat və yaradıcılığını əks etdirən səyyar fotosərgi ilə qatılıb. Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Həmin axşam Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının növbəti tamaşası Hüseynqulu Sarabskinin 140 illiyinə həsr olunub.
Hüseynqulu Sarabski 1908-ci il yanvarın 12-də “Leyli və Məcnun”un ilk tamaşasında Məcnun rolunu oynayıb, bundan sonra uzun illər bu rolun əvəzsiz ifaçısı olub.