Mütəfəkkir şairin 650 illiyi Teatr Xadimləri İttifaqında qeyd edildi
İyunun 20-də Yeni Azərbaycan Partiyası, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə böyük mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə tədbir keçirildi və “Ənəlhəqq” tamaşa-kompozisiyası təqdim olundu.
Teatr Xadimləri İttifaqının “Aktyor evi”ndə təşkil olunan tədbiri qurumun sədr müavini, Xalq artisti Hacı İsmayılov açaraq iştirakçıları salamladı. Bildirdi ki, ölkə başçısının müvafiq sərəncamı ilə elan olunan “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər, sənət təqdimatları keçirilir. Mədəniyyət Nazirliyi ilə YAP arasında mədəni irsimizin təbliği ilə bağlı əməkdaşlıq barədə də məlumat verən H.İsmayılov keçirilən tədbirin bu əməkdaşlığın nümunəsi olduğunu dedi.
YAP Səbail rayon təşkilatının sədri, millət vəkili, professor Şəmsəddin Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsini yüksək qiymətləndirdi. Bildirdi ki, 2017-ci ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-da Nəsiminin vəfatının 600 illiyinin qeyd olunması ilə o, Azərbaycan şairi kimi bir daha dünyaya təqdim edildi.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında vurğuladı ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın mədəni, ədəbi irsinə diqqət və qayğısı sayəsində 1973-cü ildə Nəsiminin 600 illiyi qeyd edildi, balet bəstələndi, film çəkildi, əsərlər yazıldı və hamımız böyük şairi, onun zəngin irsini daha yaxşı tanıdıq. Qeyd olundu ki, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə Nəsimi – şeir, incəsənət, mənəviyyat festivalının keçirilməsi, bu ilin dövlət başçısı tərəfindən “Nəsimi ili” elan edilməsi şairin yaradıcılığına göstərilən ehtiramın nümunəsidir.
Vaqif Əliyev bildirdi ki, Nəsimi həm də Azərbaycan dilində ədəbiyyatımızın inkişafına böyük töhfələr verib. Nəsimi deyəndə gözlərimizin qarşısında təkcə şair, mütəfəkkir yox, cəsarətli insan canlanır.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında Nəsiminin yaradıcılığı ilə bağlı alimlərimizi araşdırmaları haqqında mülahizələrini bölüşdü, ədəbiyyat dərsliklərdə yer almayan maraqlı faktları açıqladı. Bildirdi ki, Nəsiminin adı Azərbaycan ədəbiyyatına dair kitablara, ədəbiyyat tariximizə rəsmi olaraq 1926-cı ildə daxil edilib. Bu, Salman Mümtazın xidmətidir. Akademik Nəsiminin 600 illik yubileyinin hazırlanması barədə də danışdı. Bildirdi ki, tədbirlər planı Moskvada, Kremldə təsdiq olunurdu deyə, yubiley bir neçə il gecikdi. Nəsimi yeganə Azərbaycan şairi və görkəmli şəxsiyyətidir ki, əlli ildə yubileyi iki dəfə UNESCO-da qeyd edilib.
Xalq artisti Rasim Balayev “Nəsimi” filminin çəkilişindən söz açdı: “Xoşbəxt aktyorlardanam ki, savadlı alimlərdən, xüsusilə də Əli Fəhmidən Nəsimini öyrənmişəm. Biz Nəsiminin şəklini görməmişdik, xatirələr oxumamışdıq. Onun poeziyasından, fəlsəfəsindən çıxış edərək obraz üzərində işlədim. Bu film Azərbaycan kinematoqrafiyasının uğuru idi. İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev kimi böyük aktyorlar ilə çəkiliş meydanında rastlaşanda ayaqlarım əsirdi. Bir aktyor kimi Nəsiminin geniş kütləyə tanıdılmasında xidmətim olubsa, xoşbəxtəm”.
Mərasimdə Xalq artisti, xanəndə Alim Qasımov Nəsiminin qəzəli üstündə muğam parçası oxudu.
Çıxışlar başa çatdıqdan sonra YAP Səbail rayon könüllülər birliyinin incəsənət qrupunun – müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə Nəsimi irsinə həsr olunmuş “Ənəlhəqq” tamaşa-kompozisiyası nümayiş olundu. Layihənin rəhbəri Rəşad İmanov, ssenari müəllifləri Rəhman Mirzəlizadə və Fehruz Rzayev, quruluşçu rejissoru Cavidan Kəsəmənlidir.
Həvəskar aktyor-tələbələrin çıxışından sonra Xalq artisti Hacı İsmayılov səhnəyə çıxaraq gənclərə təşəkkürünü bildirdi: “Əsas odur ki, bu gənclər Nəsimi poeziyasını sevirlər”.
Tədbirin iştirakçılarına və qonaqlara YAP Səbail rayon təşkilatı adından fəxri fərman təqdim edildi.
GÜLCAHAN