Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsində keçirilən bakalavr səviyyəsi üzrə buraxılış imtahanlarında iştirak etmək üçün ilk dəfə xaricdən – Dövlət attestasiya komissiyasının sədri qismində Rusiya Dövlət Teatr Sənəti İnstitutunun professoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi Aleksandr Barmak dəvət olunub. Dəvət ADMİU ilə Rusiya Dövlət Teatr Sənəti İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşıb.

Aleksandr Barmak 1993-cü ildən institutun Musiqili teatr fakültəsində Yaradıcı emalatxananın bədii rəhbəri kimi fəaliyyət göstərir, Moskva və digər şəhərlərdəki teatrlarda bir çox tamaşalara quruluş verib.

ADMİU-dan bildirilib ki, buraxılış imtahanlarında aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrin “Blondi” (D.Boqoslavski), “Skapenin kələkləri” (J.B.Molyer), “Solğun çiçəklər” (C.Cabbarlı), “Qulluqçular” (J.Jene), “Bremen musiqiçiləri” (Y.Entin və V.Livanov), “Evlənmə” (N.V.Qoqol) tamaşaları attestasiya komissiyasına təqdim edilib.

İmtahan proqramı çərçivəsində, həmçinin rejissorluq ixtisası üzrə təhsil alan tələbələrin təqdimatında Ə.Haqverdiyevin “Kimdir müqəssir?” (rejissor Səməd Abbasov), J.P.Sartrın “Dəfn edilməmiş ölülər” (Ümid Abbaszadə), G.Fiqeyredonun “Ezop” (Mir Qabil Əkbərov), J.Koktonun “Tənha qadın” (Əlisahib Cəlilov), S.Rüstəmin “Çimnaz xanım yuxudadır” (Cahandar Cəfərli), A.Korovkinanın “Seç” (Bella Klimaşeva), A.Krımın “Hiyləgər şorgözün vəsiyyəti” (Fəridə Nesterenko) A. de Sent-Ekzüperinin “Balaca şahzadə” (Yuri Omelçenko) əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş olunub.

Tamaşaların əksəriyyəti universitetin, bir qismi isə Akademik Rus Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının və Sumqayıt Dövlət Dram Teatrının səhnəsində oynanılıb. Professor A.Barmak bir çox tamaşalara baxıb və müzakirələrdə fəal iştirak edərək rejissor yozumunu, aktyor ifasını təhlil edib, qeyd və iradlarını bildirib, tələbələrə tövsiyələr verib.