Moskvada teatr təhsili alan gənclərimiz bacarıqlarını göstərdilər
Xəbər verdiyimiz kimi, Moskvadakı B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələr iyunun 24-dən 27-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sənət hesabatı kimi tamaşalar təqdim ediblər. Azərbaycanlı tələbələr “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi və Rusiyanın Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının nəzdində B.Şukin adına Teatr İnstitutu arasında bağlanmış müqaviləyə əsasən, 2016-cı ildən bu institutda aktyor və rejissorluq ixtisası üzrə təhsil alırlar.
Artıq 3-cü kursu başa vuran azərbaycanlı qrup keçən zaman müddətində oxuyub-öyrəndiklərini Bakı səhnəsində tamaşaçılara nümayiş etdirdi.
İyunun 25-də tələbələrin təqdimatında alman dramaturqu Bertold Brextin “Qafqaz tabaşir dairəsi” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olundu. 1945-ci ildə qələmə alınan əsərdə hadisələr Gürcüstanda II Dünya müharibəsinin hələ də bitmədiyi vaxtda cərəyan edir. Mövzusu isə Tövratdakı bir rəvayətlə oxşardır.
Kənddə körpə ikən anasından ayrı düşmüş bir oğlan uşağının anasını təyin etmək üçün tabaşirdən dairə çəkirlər. Uşağı isə həmin dairəyə yerləşdirirlər. Qadınlara göstəriş verilir ki, hər biri öz növbəsində uşağın qolundan dartsın. Beləliklə, qadınlar uşağın qolunu dartışdırmağa başlayırlar. Onlardan biri oğlana zərər yetirməmək üçün uşağın əlini buraxır. Bu hal ikinci dəfə də təkrar olunur. O zaman məlum olur ki, uşağın əsl anası həmin qadındır və uşağı ona verirlər.
Tələbə aktyorların ifasında təqdim olunan tamaşa maraqla qarşılanıb.
***
İyunun 26-da nümayiş olunan konsert-tamaşada da tələbələr səhnə bacarıqları ilə onlara bəslənən ümidlərin əbəs olmadığını, bu üç il ərzində çəkilən zəhmətin hədər getmədiyini isbat etdilər.
Ayrı-ayrı tamaşa və musiqi parçaları 13 nəfərlik qrupun (Anna Avqustinova, Bəhruz Əliyev, Mikayıl Əliyev, Ramail Bayramlı, Abdulla İsmayılov, Anna Luçenko, Nərminə Məmmədova, Fidan Məmmədova, Vüsal Mehrəliyev, Ruslan Pavlov, Telman Süleymanov, Nail Şıxkərimov, Kamilə Ələskərova) sinif konserti idi.
Konserti idarə edən kurs rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi, professor Mixail Borisov ikihissəli proqramın anonsunu edərkən tədris prosesi, tələbələrlə iş, ötən zaman ərzində əldə olunan irəliləyişlər haqqında da məlumat verdi. Onu da əlavə etdi ki, bu zaman müddətində müasir aktyordan tələb olunan bütün keyfiyyətlər – düzgün diksiyadan vokal vərdişlərinə, xoreoqrafiyadan pantomimayadək incəliklər sistemli şəkildə öyrədilib.
Beləliklə, pərdə açıldı və şux görkəmli qrup yüksək dinamika ilə proloq etdi. Koul Porterin “Yenə premyera” mahnısı ilə.
Sonra tələbə Abdulla İsmayılov “Bakı bağlarında kabab bişirir” etüdü ilə bizlərə pantomima bacarığını göstərdi. Kabab bişirmə prosesinin incə detallarını komik çalarlarla təqdim etməsi alqışlarla müşayiət olundu.
Növbəti səhnəcik A.Ostrovskinin “Kölə qadınlar” komediyasından parça idi ki, Anna Avqustinova ilə Bəhruz Əliyev bu qeyri-standart münasibətlər komediyasının onlar üçün təyin olunmuş hissəsini tam ifadə etdilər.
Özlüyündə rəngarəng, həm də tələbələrin müxtəlif rakurslardan baxışına hesablanmış proqramın növbəti nömrəsi Azərbaycanın xalq mahnısı “Sarı gəlin” oldu. Mahnını Ramail Bayramlının solo ifasında tam fərqli bir versiyada dinlədik. Fortepianonun müşayiətində nağarada ifa, xüsusən sonluqdakı muğam boğazları ifaçını sürəkli alqışlara qərq etdi.
Məşhur pedaqoqların tədris etdiyi bədii mətn oxunuşunu isə N.Dumbadzenin “Kukaraça”sından Abdulla İsmayılov təqdim etdi.
Ardınca səhnə Bəhruz Əliyev, Ramail Bayramlı və Telman Süleymanov üçlüyünə verildi. Onların müstəqil tələbə işləri “Döyüşçülər” adlanırdı. 7 dəqiqə ərzində bir-birindən xəbərsiz mənzilə soxulan iki oğru və onların döyüşünü əks etdirən hissədə ev sahibini oyandırmadan qurulan oyun həm komik detalları, həm də aktyorların akrobatik bacarıqları ilə yadda qaldı.
Konsertin ən yaddaqalan nömrələrindən biri mətnsiz oynanılan “Evdən gələn bağlama” oldu.
Rusiyada, soyuq Moskvada tələbə həyatı yaşayan Abdulla İsmayılov yataqxana komendantından aldığı yeşiyi acgözlüklə açaraq gah ordan çıxan kompotdan içir, gah mürəbbədən yeyir, gah da yuxadan bir diş alıb çeynəmədən udurdu. Bir neçə dəqiqədə bütün yeməli olan ərzaqları bitirəndən sonra üşüyən ayaqlarını qutudan çıxan toxunma corabla isidir və sonuncu paketi açır. Budur, pulcuqlu qırmızı ətək və qırmızı hündürdaban qadın ayaqqabısı. Vay, bu ki qrup yoldaşı, bakılı tələbə dostuna gələn bağlama imiş. Bu səhnəcik və real aktyor oyunu zalı qəhqəhəyə boğdu.
Qeyd edim ki, tələbələrimizin müstəqil iş başlığı altında təqdim etdikləri nömrələr xüsusilə maraqlı və peşəkar alınmışdı. Təbii ki, bu da əksər ifaçıların Moskvaya oxumağa getməzdən öncə incəsənət, aktyor təhsili almaları ilə əlaqəli idi. Digər tərəfdən bu həm də onların mürəkkəb müstəqil işlər seçməklə müəllimlərindən daha çox öyrənmək cəhdlərinin göstəricisidir ki, bu da alqışlanmalıdır. Xüsusən də, F.Dostoyevskinin “Şeytanlar” romanından Bəhruz və Mikayıl Əliyevlərin mürəkkəb hal-vəziyyətləri əks etdirən dialoqu qeyd olunmalıdır. 10 dəqiqəlik hissədə insan ilə şeytan, doğru ilə yalan, yaxşı ilə pis, paklıqla çirkab arasında çapalayan qəhrəmanların yaşantılarını izlədik.
Proqramın 2-ci hissəsi də dolğunluğu ilə diqqət çəkdi. Xarakter etibarilə mürəkkəb və tələbədən bütün bədən və ifa maneralarından səmərəli, həm də çərçivələrlə ifa tələb edən nömrələr arasında A.Ostrovskinin “Gəlirli yer” pyesindən Polina (A.Luçenko) və Jadovun (T.Süleymanov) səhnəsi müəllifin sosial münasibətlər kontekstindəki yanaşmasının bacarıqla ifadəsi idi.
“Taksi dayanacağında” adlı ritmika nömrəsində isə A.Avqustinova, R.Bayramlı və T.Süleymanovun həm bədən dillərində “danışmaq” bacarıqlarını, həm musiqini, ritmi hissetmə həssaslıqlarını və komik hal-vəziyyəti ifa maneralarını gördük.
F.Q.Lorkanın şeirlərindən kompozisiyanı Bəhruz Əliyevin ifasında dinləyən tamaşaçıların susmayan alqışları gənc aktyoru yenidən səhnəyə qaytardı. Beləcə, konsertin əvvəlində kurs rəhbərinin “bu gənc tələbələrin sizin alqışlarınıza hər şeydən çox ehtiyacları var” sözləri həqiqi ünvanına çatdı.
A.Volodinin “Böyük bacı” pyesindən parça isə Vüsal Mehrəliyevin peşəkar aktyor, Anna Avqustinova və Anna Luçenkonun mükəmməl səhnə danışığı texnikası və Abdulla İsmayılovun psixodramatik vəziyyətlərdə tragikomik aktyor ştrixlərindən yerində istifadəsini göstərdi.
Tələbələr rus xalq rəqsi, solo ifalar, yenidən caz rəqsi, eləcə də “Məktəbli”, “Şukin məktəbinin yeni xadiməsi”, “Vağzal meydanındakı bakılı taksi sürücüsü”, “Mağaza ziyarətçisi” nömrələri ilə bir neçə dəqiqədə haldan-hala düşüb müxtəlif qəhrəmanların komik, dramatik, tragikomik vəziyyətlərini tamaşaçıya nümayiş etdirdilər.
Nə demək olar, səhnə sizi gözləyir, əziz həmyerlilər. İnanırıq ki, düz bir ildən sonra sizləri müxtəlif teatrların səhnəsindən görüb yenidən bax belə eşqlə alqışlayacağıq...
HƏMİDƏ