İyulun 2-də İstanbulda 10-cu Beynəlxalq İstanbul Opera Festivalına start verilib. Bu layihənin əsası 2010-cu ildə İstanbul “Avropanın Mədəniyyət Paytaxtı” elan edilərkən qoyulub.

Bu dəfə İstanbul festivalı Rusiya “Böyük teatr”ının solistlərini qarşılayacaq. Türkiyə və Rusiya arasında qarşılıqlı “Mədəniyyət və turizm ili” çərçivəsində “Böyük teatr”ın məşhur  solistlərinin ifasında “Sevilya bərbəri”, “Traviata”, “Karmen”, “Samson və Dalila”, “Manon Lesko”, “Turandot” kimi sevilən operalardan parçalar, ilk türk oratoriyası olan “Yunus Əmrə”, türk epik operası “Troya” və digər əsərlər səsləndiriləcək.

13-14 iyulda keçiriləcək konsertlərdə dünyanın məşhur səhnələrində ən çətin rolları uğurla səsləndirən, bir sıra beynəlxalq  mükafatın laureatı, soprano Anna Neçayeva, metso-soprano Yuliya Mazurova, tenor Fyodor Ataskeviç, bariton Pavel Yankovski istanbullularla görüşəcəklər. Solistləri Anton Qrişaninin dirijorluğu ilə İstanbul Dövlət Opera və Balet Teatrının Orkestri müşayiət edəcək.

Mehparə SULTANOVA
Ankara