Bu günlərdə Yuğ Dövlət Teatrında daha bir tamaşaya baxdıq. “Mən ağacam” adı verilən tamaşa maraqlı mövzunu əhatə edirdi və ikinəfərlik aktyor oyunu üçün əla düşünülmüşdü. Tamaşa müasir insanın dağılmış, öz nizamını itirmiş ruh yaşantılarından bəhs edir.

Nobel mükafatçısı, məşhur türk yazıçısı Orxan Pamukun “Mənim adım Qırmızı” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır. Rolları Xalq artisti Məmmədsəfa Qasımov (Kişi) və Təranə Ocaqverdiyeva (Qadın) oynayır.

Orxan Pamuk çağdaş dövrdə dünyada əsərləri ən çox nəşr olunan və oxunan yazıçılardan biridir. Müəllifin “ən rəngli və qorxulu romanım” adlandırdığı “Mənim adım Qırmızı” əsəri Osmanlı dövlətində naxış və nəqqaşlıq sənəti haqqında heyrətamiz hekayə kimi xarakterizə olunur. Romanda olduğu kimi, tamaşada da Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə – 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən hadisələr təsvir edilir. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və nəqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər.

Romanda hər bölüm bir obrazın baxış istiqamətindən bəhs edir. Bu obrazlar arasında ölü, ağac, it, pul, şeytan, rəng, müəllifin özü, nəqqaşlar, Şəkurə və Qara var. Elə tamaşada da. Amma məsələlərin keçidsiz təqdimatı bu hissələrdə bir qarışıqlıq yaratmışdı.

Götürək sevgi və ehtiras mənbəyi olan Şəkurə və ondan qaynaqlanan məqamları. İki oğul anasının əri müharibədən qayıtmayıb. Qara isə ona eşqini açıqladığı üçün evdən qovulmuş və ancaq 12 il sonra İstanbula qayıda bilmişdi. Qayıdar-qayıtmaz hələ çox sevdiyi Şəkurə ilə evlənməyin yollarını axtarır. Atası və oğulları ilə birgə qalan Şəkurənin qəlbi həm Qarada, həm də ərinin qardaşı Həsəndədir.  Şəkurənin atası, Əniştə əfəndi Padşahın əmri ilə gizli kitab hazırlamaqdadır. Kitabın gizliliyi oradakı rəsm və nəqşlərlə bağlıdır. Əniştə əfəndi Osmanlı sarayının məşhur nəqqaşları Kəpənək, Zeytun, Leyləyə kitabın nəqşləri üçün təlimatlar verir. Tərtibatı ilə isə Zərif əfəndi məşğul olur. Qatı fanatik olan ərzurumlu Xoca əfəndi və tərəfdarları ənənələrə və dinə zidd bir şeylərin cərəyan etdiyini anlamışdılar. Hər gecə qəhvəyə toplaşan nəqqaşlar və xəttatlar bir məddahın rəsmlərlə izah etdiyi itidilli və ərzurumlu Xoca əleyhdarı hekayələrlə əylənirlər. Zərif əfəndinin işlərinə əngəl olacağını anlayan nəqqaşlardan biri onu öldürür.

Əniştə Şərq-Qərb sintezini müdafiə edərkən, onun qızı Şəkurəyə görə Şərq-Qərb qarşıdurması qaçılmazdır.

Rejissor Əbdülqəni Əliyev əsərin bu və digər əsas mətləblərini saxlasa da, romana fərqli baxış bucağından yanaşıb. Səhnədə radio studiyası qurulub. Ultramüasir formalı yaşlı kişi səhnəyə daxil olub var-gəl edir. Studiya mikrofonu, qulaqcığını nizamlayır. Hətta efir rejissoruna bir-iki dəfə təpinir də. Çünki tərəf-müqabilindən, “tapşırılmış”, “yola ver getsin”li xanımdan gileylidir.

Budur gözəl, cazibədar qadın da zühur edir. Həm də bayaqdan efiri onsuz yola verən yaşlı professorun gözünü oxşamaq üçün səylə çalışdığını göstərəcək əda ilə. Heç professor da ona laqeyd deyil. Doğrudur, bunu hiss etdirməməyə çalışır. Amma qadın inadla onu ram edəcəyinə, yəni etiraf yoluna gətirəcəyinə əmindir.

Efirdə romanı – “Mənim adım Qırmızı”nı müzakirə edirlər.

Rejissor burada da sürətlə mətləbə keçir. Müəllifin qoyduğu məsələlər onların mübahisə mövzusu kimi əsərə keçidimizi təmin edir. Onu da deyim ki, rejissorun bu yolu – mətləbdən hadisəyə keçidi uğurlu düşünülüb.

Elə rejissorun ayrılıqda qlobal məsələləri adi naqqaşlıq sənəti pəncərəsindən çözələyən müəllifə münasibəti, əsərdən səhnəyə gətirdikləri, daha doğrusu, gətirmək istədikləri bundan sonra sıralanır. Məsələn, əsərin teatr estetikası baxımından həllində səthilik sezilir. Unutmaq olmaz ki, istənilən əsəri teatr estetikasına uyğun təqdim etmədikdə onun əzəməti itir. Doğrudur, rejissor müəllifi, onun sadə dildə təsvir etdiyi problemi duyub, amma səhnə həllində çətinlik yaşayıb. Bu, səhnə həllində xüsusilə aydın görünürdü. Keçidlərin olmamağı, daha doğrusu, yerinə düşməməyi isə özünü göstərirdi. Rejissorun qoyduğu problem və yaxud nəyi demək, göstərmək istədiyini tamaşaçı tam anlamır. Qadını ehtiras mənbəyi kimi göstərməyə çalışması, bütün bəlalara səbəb kimi təqdim etməyi də bəzən ifrat həddə idi. Yaxud da götürək son səhnəni: tamaşanın əvvəlindəki studiya - yəni başlanan radio verilişi bitmədi. Daha doğrusu, aparıcılar bir-birlərinə sevgi etirafını edib tamaşaçını “unudurlar”... Zənnimizcə, 1 saat 10 dəqiqəlik tamaşa üçün mətni lakonik vermək daha yaxşı olardı.

Bununla belə, aktyor oyunu, oyundakıların usta yanaşması tamaşanı xilas etdi. Hər iki aktyor obrazlarını mükəmməl ifa etdilər. Məmmədsəfa Qasımov radio aparıcısı, ittihamçı və fikirlərində qəti professor  obrazının xarakterik keyfiyyətlərini hər situasiyada əla duyurdu. Elə tərəf-müqabili də...

HƏMİDƏ