Əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı iyulun 6-da mövsümün son tamaşasını nümayiş etdirib. Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan “Adamlar və siçanlar” tamaşası anşlaqla keçib.
Tamaşanın nümayişindən əvvəl teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə inklüziv teatrının fəaliyyətini davam etdirməsi üçün görülən işlərdən danışıb. Bildirib ki, ƏSA Teatrını yaşadan tamaşaçıların sevgisi və rəğbətidir.
Quruluşçu rejissorun tamaşaya əlavə etdiyi yeni interpretasiya maraqla qarşılanıb. İnteraktiv şəkildə hazırlanan tamaşanın klassik üslubdakı versiyasından fərqi diqqəti daha çox çəkib.
Qeyd edək ki, ƏSA Teatrının repertuarında olan “Adamlar və siçanlar” tamaşası Nobel mükafat laureatlı yazıçı Con Steynbekin eyniadlı əsərinin motivləri əsasında hazırlanıb. Tamaşada film effektlərindən də uğurla istifadə olunub.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur. Rolları Elşən Əskərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz Qasımov, Cəmilə Məmmədli, Riad Sultanov, Fərid Əliyev, İmran Lələyev, Günay Məmmədova, Bəhram Rəhimli və Orxan Əliyev canlandırıb.
Nümayişdən sonra tamaşaçılara gənc yazar Elman Süleymanovun “Üçüncü dünya müharibəsi” kitabı hədiyyə olunub.