Şəki və Sabirabadda da nümayiş etdirilib

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı respublikanın şəhər və rayonlarına qastrol səfərinə çıxıb.

Kollektiv yazıçı Sevinc Elsevərin Xocalı soyqırımına həsr olunmuş “Ürəyində arzu tut” tamaşasını Gəncədə nümayiş etdirmişdi.

Səhnə əsəri Şəki Dövlət Dram Teatrında da təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda əməkdar artist Xatirə Süleymanova, aktyorlar Pərvin Dadaşova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış ediblər.

İyulun 16-da “Ürəyində arzu tut” tamaşasını Sabirabad rayonunda nümayiş etdirən İrəvan teatrı 137-ci mövsümü qastrol səfəri ilə başa vurub.