Stiv Uander dünya turunu yarımçıq qoyaraq cərrahiyə əməliyyatına gedir
Dünyaca məşhur amerikalı müğənni Stiv Uanderə böyrək köçürüləcək. Bu barədə xəbəri müğənni özü 5-14 iyul tarixində Londonda keçirilən “British Summer Time” festivalında bildirib. Uander daha üç konsert verəcəyini, sonra isə dünya turunu yarımçıq dayandıracağını deyib.
Tanınmış ifaçı hazırda özünü yaxşı hiss etdiyini deyib. “Mən yaxşıyam, mənimlə olmaq isə daha gözəldir” deyən müğənni artıq donor tapdığını da diqqətə çatdırıb. Həmçinin bildirib ki, bir müddət əvvəl sağalmaz xəstəliyə tutulması ilə bağlı dünya mətbuatında yayılan şayiələr əbəsdir.
69 yaşlı Stiv Uander soul musiqisinin ən parlaq nümayəndəsi sayılır. Bu günə kimi 30-dan çox albomu satışa çıxarılan müğənni 74 dəfə namizəd olmaqla 25 dəfə “Grammy” mükafatına layiq görülüb.
Lalə AZƏRİ