Yuğ Dövlət Teatrı kollektivinin iyulun 16-da keçirilən toplantısında başa çatan mövsümünü nailiyyətləri ilə yanaşı, qarşıdakı mövsümə hazırlıqlardan da bəhs olunub.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov və baş rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə yekunlaşan teatr mövsümünün ümumilikdə Azərbaycan teatrı üçün, o cümlədən Yuğ teatrı üçün əlamətdar olduğunu, həyata keçirilən islahatların teatr sənətinin inkişafına müsbət təsirini qeyd ediblər.

Mövsüm ərzində iki yeni tamaşanın – O.Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında “Mən ağacam” (rejissor Əbdülqəni Əliyev) və H.İbsenin “Vahimə” əsəri əsasında “Vəsvəsə” (rejissor Gümrah Ömər) tamaşalarının hazırlandığı, kollektivin Kazan şəhərində keçirilən “Novruz” türkdilli xalqların teatr festivalında uğurla iştirak edərək (“Müəmmalı bir qətlin üç versiyası”, quruluşçu rejissor Mehriban Ələkbərzadə) diplomla təltif edildiyi diqqətə çatdırılıb. Bu mövsümdə teatrın aktyoru Qasım Nağı Əməkdar artist fəxri adına layiq görülüb.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilin sonlarında Yuğ teatrının 30, teatrın qurucusu Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək. Növbəti mövsümdə İlqar Fəhminin əsəri əsasında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tamaşa-kompozisiyanın və İvan Vırıpayevin pyesi əsasında “İllüziyalar” adlı yeni səhnə əsərinin hazırlanması planlaşdırılır.

Toplantıda mövsüm ərzində fərqlənən yaradıcı heyət üzvlərinə diplom və hədiyyələr təqdim edilib. Əməkdar artistlər Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Fərhad İsrafilov, rejissorlar Gümrah Ömər və Günay Səttarova mükafatlandırılıb.