Dahi Azərbaycan bəstəkarı, musiqişünas, ictimai xadim Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-fundamental əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çap olunub.

Kitabda Ü.Hacıbəylinin adıçəkilən əsəri ilə yanaşı, elmi və publisistik məqalələri, ümummilli lider Heydər Əliyevin, həmçinin görkəmli musiqi xadimlərinin dahi bəstəkar haqqında çıxışları, məqalələri də toplanıb. Kitabın tərtibçisi Tariyel Məmmədovdur.

***

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının “Azərbaycan aşıq ədəbiyyatı” kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb.

Aşıq sənətinin milli tarixi səciyyəsi, ustad aşıqların ömür və sənət yolu barədə oçerklərdən ibarət kitab elmi ictimaiyyət, söz-sənət mühiti və tədris sistemi üçün nəzərdə tutulur.

***

Filologiya elmləri doktoru, ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləri” kitabı nazirliyin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında çap olunub.

Kitabda mütəfəkkir tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevin ədəbi tarixi mövqeyi və nəzəri görüşləri barəsində “İdrakın üfüqləri”, müasir ədəbi tənqidin estetik problemlərinə həsr olunmuş “Tənqiddə meyarsızlıq sindromu” araşdırmaları, türkçülük məfkurəsi haqqında və başqa müxtəlif mövzularda ədəbi-fəlsəfi yazılar yer alıb.