İyul ayı başa çatmaqda, teatrlar da bir-birinin ardınca məzuniyyətə çıxmaqda... Paytaxt teatrlarından yaxşı nümunə götürən yaxın-uzaq şəhər teatrları da mövsümü təntənə ilə bitirmək, fərqlənən əməkdaşları təltif etmək ənənəsinə qoşulmaqdadır…
Əllinci yubiley mövsümünü başa vuran Sumqayıt Dövlət Dram Teatrında da iyulun 20-də ilk dəfə belə bir mərasim düzənləndi. Bir gün əvvəl – iyulun 19-da Sumqayıt şəhərinin 70 yaşına həsr olunmuş “Sevgilim Sumqayıt” (müəllif – Əli Əmirli, quruluşçu rejissor – Firudin Məhərrəmov) tamaşası ilə mövsümü bitirən kollektiv ertəsi gün yenə bir arada idi. Sanki gənc aktyorların bitib-tükənməyən enerjisini tam “xərcləmək” üçün düzənlənmiş bağlanış mərasimi şirin zarafat, şux musiqi ilə dolu idi. Proqram elə qurulmuşdu ki, təltiflər səhnəciklər, mahnılar ilə əvəzlənir, salona toplaşanları darıxdırmırdı.
Təltiflər demişkən, aparıcılar lap əvvəldən elan etdilər ki, bu gün səkkiz nominasiya üzrə elan ediləcək qaliblər rəhbərliyin yox, teatrın bədii şurasının seçimidir.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov “Mövsümün ən yaxşı tamaşası” nominasiyasının qalibini elan etmək üçün səhnəyə çıxaraq əvvəlcə başa çatan mövsümdəki uğurlardan danışdı. Direktor mövsümün əvvəlində, 2018-ci ilin oktyabrında teatrın 50 illik yubileyinin təntənə ilə qeyd edildiyini, mövsüm ərzində həm böyüklər, həm də uşaqlar üçün 7 tamaşanın hazırlandığını, kollektivin şəhərdəki dövlət tədbirlərində fəal iştirakını yada saldı. O, həmçinin bu il martın 1-də ölkə başçısının mədəniyyət xadimləri ilə görüşündən sonra respublika teatrlarına diqqətin daha da artdığını vurğuladı.
Sonra direktor mövsümün ən yaxşı tamaşasının adını zərfdən çıxardı. Con Patrikin “Qarını öldürməliyik” (quruluşçu rejissor Ukraynadan dəvət edilmiş Tatyana Şevçenko) tamaşası mövsümün ən uğurlu səhnə həlli hesab edildi.
Aktyorlardan Habil Xanlarov “Mövsümün ən xarakterik obraz ifaçısı”, İlqar İbrahimov “Mövsümün ən məhsuldar aktyoru”, Şəhla Məmmədova “Mövsümün ən məhsuldar aktrisası”, İlahə Səfərova “Ən perspektivli aktrisa”, teatrda çalışan Hüseynağa Novruzov “Ən yaxşı texniki işçi”, Nizami Dadaşov isə “Mövsümün ən işgüzar əməkdaşı” nominasiyaları üzrə qalib elan edildilər. Bir müddət əvvəl 60 yaşını qeyd etmiş Xalq artisti Firudin Məhərrəmov da yubiley münasibətilə kollektiv tərəfindən təntənəli şəkildə təbrik edildi.
Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov, Xalq artisti Valeh Kərimov çıxış edərək kollektivə ən xoş arzularını çatdırdılar.
Əməkdar artist Namis Şirməmmədovun məzəli səhnəciklərdən istifadə edərək qurduğu mərasim zarafatsız da keçmədi. Gənc aktyorlar teatrın bufetçisini, mühafizəçisini uğurla parodiya edərək texniki işçilərin də aktyor üçün ilham mənbəyi ola bildiyini vurğuladılar.
Tədbirin sonunda teatrın direktoru yenidən mikrofon önünə keçərək kollektivin səhhətində problem olan üzvlərinə şəfa dilədi, hər kəsə cansağlığı arzuladı və bütün kollektivi sentyabrda yeni mövsümün açılışında salonda görmək istədiyini dedi.
Beləcə, Sumqayıt Dövlət Dram Teatrı 50-ci teatr mövsümünü deyə-gülə, hədiyyə ilə, yeni ənənənin təməlini qoyaraq yola saldı.
Gülcahan MİRMƏMMƏD