Gədəbəydə beynəlxalq konfrans təşkil olunub

Gədəbəydə Milli Yaylaq Festivalı çərçivəsində iyulun 25-də “Milli mədəni brend – müasir tendensiyalar” adlı beynəlxalq konfrans təşkil olunub.

Konfrans Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə gənc mədəniyyət işçilərinin “I Beynəlxalq yay düşərgəsi” çərçivəsində reallaşıb.

Mərkəzin direktoru Asif Usubəliyev tədbiri açaraq qeyd edib ki, mədəniyyət ölkənin siyasəti, təbliğatı və ideologiyasıdır. İnnovativ mədəni brendlər artdıqca ölkənin tanınması da genişlənəcək. Ancaq milli dəyərlərimizi brendə çevirərək tariximizi və mədəniyyətimizi təbliğ etmiş olacağıq.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxışında vurğulayıb ki, ancaq öz mədəniyyətimizi qoruyaraq bəşəri mədəniyyətlə birləşmək olar.

Konfransda Türkiyə İnegöl Bələdiyyəsinin Xalq rəqsləri ansamblının müəllimi Fatih Oral “Türk milli mədəniyyətinin təbliğində gənclərin rolu”, Qazaxıstan Milli İncəsənət Universitetinin professoru, sənətşünaslıq namizədi Rauşan Maldibayeva “Mədəniyyətdə müasir tendensiyalar”, Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutunun elmi işçisi Natalya Kryukova “Mədəni xidmətlər” adlı məruzələrlə çıxış ediblər.

Mərkəzin əməkdaşları Aygün Balabəyovanın “Brendləşən mədəniyyət nümunələri”, Leyla Qlıcovanın “Müasir geyimlərdə milli üslubun təcəssümü” mövzularında məruzələri də dinlənilib. Məruzəçilər çıxışlarında milli irsdə azərbaycançılıq ideyasından bəhs ediblər.

Sonda Əməkdar müəllim Yusif Vəliyevin MEMİM-in metodiki şurasının qərarına əsasən çap olunmuş nağara və fortepiano aləti üzrə kitabının Gədəbəy Aşıq Məktəbində təqdimatı keçirilib.