İyulun 24-də Gədəbəydə “Vətən! Ordu! Şərəf!” adlı vətənpərvərlik mövzusunda rəsm sərgisi açılıb. Sərgi Milli Yaylaq Festivalı, həmçinin Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə keçirilən gənc mədəniyyət işçilərinin birinci yay düşərgəsi çərçivəsində təşkil edilib.
Sərginin açılış mərasimində çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını, onların istedadının üzə çıxarılması və dəstəklənməsini, ölkəmizdə təsviri sənətin inkişaf etdirilməsi və təbliğ olunmasının sərginin hədəfləri arasında yer aldığını vurğulayıblar. Həmçinin “Səni vətən çağırır”, “Mədəniyyət və silahlı qüvvələr” və “Əsgər salamı” adlı məruzələr dinlənilib.
Tədbirin bədii hissəsində Gədəbəy Aşıq Məktəbinin şagirdləri çıxış ediblər.
Sonra sərgiyə baxış olub və ən yaxşı əsərlərin müəllifləri mükafatlandırılıb.