Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Nəsimi” baleti növbəti dəfə nümayiş etdiriləcək. Tamaşa sentyabrın 22-də Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq.
“Nəsimi” baleti böyük şairin 650 illiyi münasibətilə yeni quruluşda ilk dəfə bu ilin mayında nümayiş olunmuşdu.
Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti, dövlət mükafatları laureatı Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, səhnə tərtibatçısı Əməkdar rəssam Nüsrət Hacıyev, geyim müəllifi Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.
Səhnə əsərində teatrın balet truppasının aparıcı solistləri – Anar Mikayılov (şair Nəsimi), əməkdar artistlər Nigar İbrahimova (Nəsiminin həyat yoldaşı), Samir Səmədov (Nəimi), həmçinin İslam Məmmədov (gənc Nəsimi) və Dinara Şirinova (Nəsiminin qızı) çıxış edəcəklər.