Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən “Adət-ənənə” teatr festivalında iştirak edib.
Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, 14-18 avqust tarixində gerçəkləşən festivalda Lənkəran sənətçiləri iranlı dramaturq Bəhram Beyzayinin “Senemar” faciəsi əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər.
Maraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova və Emin Fərzullayev ifa ediblər. İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrı festivalın diplomu və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.