“Dubai Expo 2020” sərgisinin ərazisindəki yaşıllaşdırma, o cümlədən landşaft və irriqasiya işlərinin aparılmasına sərf olunacaq vəsaitin həcmi 277 milyon dirhəm (75,4 milyon dollar) təşkil edəcək.
Dubay bələdiyyəsinin infrastruktur işləri üzrə şöbəsinin icraçı direktoru Taleb Abdulkərim Cilfar bildirib ki, 3,57 kv.km ərazidə aparılacaq işlər sərginin rəsmi açılışına qədər başa çatmalıdır.
Sərginin keçiriləcəyi məkanda, 86 çoxfunksional binalar daxil olmaqla, qonaqlara açıq havada tədbirlərin keçirilməsi üçün bitkilərlə bəzədilmiş geniş meydançalar təklif olunacaq. Bu sırada 2,5 min nəfərlik “Al Fursan Park” və 15 min nəfərə hesablanmış “Jubilee Park” mühüm yer tutur.
“Dubai Expo 2020”nin daşınmaz əmlak üzrə layihələrin baş direktoru Əhməd Əl Xatıb deyib ki, sərgidə təkcə orijinal binalar və pavilyonlar deyil, həmçinin parklar, yollar, fəvvarələr, o cümlədən nəhəng ekran funksiyası daşıyan “Al Wasl Dome” günbəzi təqdim olunacaq.