Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının Bakı qastrolu, kollektivin həm texniki, həm heyətin sayı, həm də emosional cəhətdən “ağır” tamaşanı – A.S.Puşkinin eyniadlı mənzum romanı əsasında hazırlanmış “Yevgeni Onegin” tamaşası barədə teatrsevərlərə geniş məlumat vermişdik.
Lakin kollektiv Bakıya təkcə bu tamaşa ilə gəlmir. “Yevgeni Onegin” ilə yanaşı, vaxtanqovçular paytaxtımızda daha iki tamaşa – D.Marellinin “Lanqust çığırtısı” dramını və J.Anuyun “Medeya” faciəsini Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində göstərəcəklər.
“Yevgeni Onegin”dən fərqli olaraq, yığcam bədii heyətli hər iki tamaşada baş rolu Rusiyanın Əməkdar artisti Yuliya Rutberq ifa edir. Hər iki tamaşanın quruluşçu rejissoru Mixail Sitrinyakdır.
Sentyabrın 3-də oynanılacaq “Lanqust çığırtısı” dramı böyük aktrisa Sara Bernarın taleyi barədədir. Özünü heç vaxt səhnədən kənarda görməyən məşhur aktrisa sənətdən uzaqlaşdıqdan sonra xatirələrini yenidən gerçək həyatda yaşamağa cəhd edir. Özünü gah səhnədə, gah uşaq çağlarında, gah anası, gah sevgilisi ilə sözləşdiyi anların xatirəsini yenidən yaşayır. Bununla da həyatındakı sönüklüyü və boşluğu doldurmağa çalışır. Halbuki ona səhnə, tərəfdaşları lazımdır. Sara Bernarın isə indi təkcə bir tərəfdaşı var – katibi Jorj Pitu (Andrey İlyin). Jorj aktrisa üçün teatrın nə demək olduğunu anlayır. Həyatın harada bitib teatrın harada başladığı hüdudu itirmiş qadın ilə dolanmağın, işləməyin nə demək olduğunu kimsə Jorj qədər duyub anlaya bilməz.
“Lanqust çığırtısı”nın ilk tamaşası 2014-cü il aprelin 9-da oynanılıb. Tamaşada iki aktyor – Yuliya Qutberq və Andrey İlyin iştirak edir.
***
Sentyabrın 4-də vaxtanqovçular yenə həmin səhnədə olacaqlar. Bu dəfə baş qəhrəmanını oynamaq bütün dramatik aktrisaların ürəyindən keçən “Medeya” faciəsi göstəriləcək. Mixail Sitrinyakla Yuliya Rutberqin rejissor-aktrisa tandeminin bəhrəsi olan bu tamaşaya ilk dəfə göstərildiyi 29 noyabr 2011-ci il tarixindən bu yana maraq azalmır.
Bəs məşhur faciəyə məhz Anuyun təfsirində müraciətə nə vadar edir? Bir tərəfdən şəxsiyyəti, cəmiyyəti, mədəniyyəti, siyasəti didən özünəqapanma, digər tərəfdən də bu problemi görməmək cəhdi əyləncələrə, şouya, mənasız şənliyə qarşısıalınmaz meyli artırır. Müasir dünyanın öz xəstəliyinə biganəliyi qorxuludur – hər bucaqdan ksenofobiya, rasizm, qəzəb baş qaldırır. Bu zaman “Medeya” kimi əsərlərə ehtiyac yaranır.
Baş rolun ifaçısı Yuliya Rutberq “Medeya”dakı əhvalatın bu gün hansı məqamlarına görə aktual olduğuna dair suala belə cavab verib: “Tristan və İzolda, Romeo və Cülyetta, Medeya və Yazon... kimi dahiyanə əhvalatlar həmişə səhnəyə qoyulacaq. Nə qədər vaxt keçməsindən asılı olmadan bəşəriyyəti rahat buraxmayan mövzular var. Öz övladlarını öldürən Medeya barədə əsatirdən çoxu xəbərdardır. Əslində isə bu, təhlükəli və amansız, dibsiz, möhtəşəm sevgi əhvalatıdır. Bu əsər fəlakətə çevrilən ayrılıq, satqınlıq faciəsidir.
Əgər Medeya övladlarını öldürüb özü sağ qalsaydı, ona qatil demək olardı. O istəmir ki, övladları Yazonların, Kreonların, satqınlıq və güzəştlərin çox olduğu dünyada yaşasın. Öz vədinə, ideyasına, sevgisinə sadiq Medeya eyni zamanda həm güclü, həm də zəif adamdır. Bizim tamaşamız əsl şəxsiyyət üçün rekviyemdir”.
Rutberqin tamaşa barədə dedikləri ağlabatandır, lakin bütün ağıllı fikirlərin səhnə təcəssümü deyilən qədər olmur. Bunun üçün tamaşaya baxmaq gərəkdir. “Medeya”da digər rollarda Qriqori Antipenko (Yason), Andrey Zaretski, İqor Kartaşov (Kreon), İrina Alabina (Süd anası) və b. çıxış edirlər.
G.MİRMƏMMƏD