Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji kəşfiyyat işlərinə başlanılıb.
Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu-İsmayıllı arxeoloji ekspedisiyası arasında əldə olunmuş razılıq əsasında Lahıc qəsəbəsində qədim kürəbəndin – şəhər mədəniyyətinin göstəricisi olan kanalizasiya şəbəkəsinin öyrənilməsi həyata keçiriləcək.
Ekspedisiyasının rəisi Akif Quliyevin rəhbərliyi ilə başlanan birinci kəşfiyyat qazıntısı Lahıcın yuxarı hissəsində yerləşən Ağolu məhəlləsində, Ağolu məscidinin (hazırda Lahıc Tarix-Diyarşünaslıq Muzeyi) yaxınlığında, ikinci kəşfiyyat qazıntısı Bazar küçəsinin girişində, gələcəkdə inşası planlaşdırılan Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binasının ərazisində aparılıb. Vaxtı ilə bu ərazidə yaşayış və yardımçı binalar mövcud olub, amma təsərrüfat işləri nəticəsində sonradan bu ərazidə mədəni təbəqə qarışıb. Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiyada informasiya texnologiyalarının tətbiqi sektorunun rəhbəri, arxeoloq Fuad Hüseynov və memar Məhəmməd Nurməmmədovun da yaxından iştirakı ilə tədqiqatlar zamanı qazıntı sahəsinin mərkəzində, 0,5 m dərinlikdə qədim kanalizasiya xəttinin (kürəbənd şəbəkəsi) izləri aşkar edilib.
Qeyd edək ki, 2013-cü ildə Ərəgid ərazisində Sahil məhəlləsində ev tikintisi zamanı 7 daş qutu qəbir aşkar edilib. Lahıc orta məktəbinin ərazisində aparılan tikinti işləri zamanı Antik dövrə aid qəbirlər – nekropol, dəmirdən hazırlanmış nizə və ox ucluqları, qılınc və xəncər qalıqları, əmək alətləri aşkar edilib. Növbəti kəşfiyyat işlərinin Ərəgid məzarlığı, Köhnə Dülüz məhəlləsi, orta məktəbin yaxınlığında aparılması nəzərdə tutulur.