“YARAT” Müasir İncəsənət Məkanı “Bakcell” şirkətinin tərəfdaşlığı ilə oktyabrın 10-dan 20-dək Bakıda 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalını keçirəcək.
2017-ci ildə əsası qoyulan M.A.P. (Music, Art, Performance) festivalı tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömək etmək məqsədilə, teatr sənətinin fərqli formalarını bir araya gətirən ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platformasıdır.
“YARAT”-dan verilən məlumata görə, bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 18 tamaşa daxildir.
Bu il festivalda Rusiyanın Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı, “AXE” Mühəndis Teatrı, Akademik Malı Dram Teatrı – Avropa Teatrı, “Priyut komedianta”, “Kukolnıy dom”, “Atelye” teatrları, eləcə də Yeni Riqa Teatrı (Latviya), Devid Espinoza Kukla Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), “Kibbutz” müasir rəqs kollektivi, “Puppet Cinema” kollektivi (hər ikisi İsrail), “Sardegna” teatrı (İtaliya) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək.
Festival rəsmi olaraq rejissor Kamran Şahmərdanın “Dəli yığıncağı” tamaşası ilə açılacaq. Rejissor Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Cəlil Məmmədquluzadənin eyniadlı pyesini yenidən nəzərdən keçirərək onu müasir cəmiyyət üçün aktual mövzuları vurğulayan yeni ifadə, musiqi ilə zənginləşdirib. Lakin festival iştirakçılarından Y.Vaxtanqov adına teatrın kollektivi artıq sentyabrın əvvəlində Bakı tamaşaçılarının qarşısına çıxıb. Kollektiv 1-3 sentyabr tarixində “Yevgeni Onegin” tamaşasını Akademik Musiqili Teatrın səhnəsində, “Lanqustun harayı”nı isə Akademik Rus Dram Teatrında göstərib.
4 sentyabrda isə daha bir tamaşa (“Medeya”) Rus Dram Teatrında nümayiş olunacaq. Məşhur Lev Dodinin quruluşunda, füsunkar Kseniya Rappoportun (Yelena Andreyevna rolunda) çıxış edəcəyi “Vanya dayı” tamaşası (A.Çexov) da sənətsevərlərə Rus Dram Teatrının səhnəsində təqdim ediləcək.
Sankt-Peterburqun “Priyut komedianta” teatrı həyatın mənasını axtarmaqdan və həyatdan sevinc duya bilməməkdən bəhs edən “Podolskdan olan adam” pyesini Bakıya gətirəcək. Dmitri Danilovun bu əsəri bir neçə dəfə səhnələşdirilib və 2018-ci ildə “dramaturqun işinə görə” “Qızıl maska” mükafatına layiq görülüb.
Yeni Riqa Teatrı proqrama tamaşaçıların sevgi ilə qarşıladığı yazıçı Tatyana Tolstayanın “Sonya” pyesi ilə daxil olur. Tamaşanı məşhur latviyalı rejissor Alvis Hermanis səhnələşdirib.
M.A.P. festivalı həmişəki kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı və daha təcrübəli həmkarların təcrübəsindən öyrəndiyi təhsil platforması statusunu saxlayır. Festival proqramında mühazirə və ustad dərsləri yer alacaq. Bu haqda daha ətraflı məlumatı festivalın saytından əldə etmək olar.
Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” artıq üçüncü ildir M.A.P. festivalının baş sponsoru və əsas tərəfdaşıdır. Budəfəki açılış mərasimi festivalın keçildiyi 3 il ərzində səhnələşdirilmiş bütün tamaşaların afişalarının sərgisi ilə müşayiət olunacaq. Beləliklə, “YARAT” Mərkəzinin qonaqları tamaşaçı zalına daxil olmazdan öncə festivalın tarixinin parlaq anları ilə tanış olmaq imkanı əldə edəcək.
M.A.P. festivalının bədii rəhbəri rejissor Kamran Şahmərdandır. O deyir: “Mənim üçün teatr həmişə öyrənməyə çalışdığım ecazkar bir məkan olub. Bura aktyor və tamaşaçının birlikdə yaşadığı, bir-birini dərindən hiss etdiyi və hər birinin öz yolunu seçdiyi yerdir... Sərhədsiz teatr – mən M.A.P. festivalının konsepsiyasına bununla töhfə vermək istəyirəm. Bu, teatr körpüsünün köməyi ilə sərhədləri aradan qaldıran, mədəniyyətləri birləşdirən və bir-birini qarşılıqlı hiss edən insanları bir araya gətirən bir festivaldır. Biz teatr aləminin müasir tendensiyalarını nəzərə alaraq Azərbaycan tamaşaçısını yeni ideyalarla təəccübləndirmək və onlara müxtəlif teatr növləri arasında seçim etmək imkanı vermək arzusundayıq. Festivalımızın əsas məqsədi – sizə sevimli teatr janrınızı seçmək imkanı verməkdir”.