Sentyabrın 15-də Belarus Böyük Teatrında A.Borodinin “Knyaz İqor” operasının yeni səhnə təfsirində premyerası olub. 87-ci teatr mövsümünü bu möhtəşəm opera ilə açan teatr tamaşada tatar xanı Konçakın partiyasını ifa etmək üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti, Bülbül adına vokalçıların I beynəlxalq müsabiqəsinin Qran-pri mükafatçısı Əli Əsgərovu dəvət edib. Güclü bas səsinə malik Əli Əsgərovun çıxışı klassik musiqi xiridarları tərəfindən heyranlıq və alqışlarla qarşılanıb.
Teatrın saytının yazdığına görə, operasevərlər iki axşam ardıcıl oynanılan “Knyaz İqor” tamaşasını böyük maraqla seyr ediblər. Tamaşanın quruluşçu rejissoru Qalina Qalkovskaya, quruluşçu dirijoru Belarusun Xalq artisti Aleksandr Anisimov, quruluşçu rəssamı Rusiyanın Xalq rəssamı Vyaçeslav Okunovdur. Operada titul partiyasını Azərbaycan operasevərlərinin yaxşı tanıdığı, hər mövsüm bizim teatrda çıxış edən Belarusun Əməkdar artisti Vladimir Qromov ifa edib.
Bakı və Minsk opera və balet teatrlarının arasında əməkdaşlıq müqaviləsinə əsasən hər iki sənət məbədində çalışan vokalçı və balet artistləri ardıcıl olaraq dəvətli solist kimi tamaşalarda çıxış edirlər. Əli Əsgərovun xan Konçakın partiyasını ifa etməsinin maraqlı cəhəti budur ki, “Knyaz İqor” uzun illərdir bizim teatrın repertuarında yoxdur və azərbaycanlı vokalçı bu partiyanı müstəqil hazırlayıb.
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və diplomatik korpusun nümayəndələri də tamaşanı seyr ediblər. Tamaşadan sonra səfir teatrın direktoru Vladimir Qridyuşko, baş rejissor Mixail Pancavidze ilə görüşərək Belarus-Azərbaycan teatrlarının belə səmərəli əməkdaşlığını alqışlayıb, yaradıcılıq münasibətlərinin bundan sonra da davam etməsini arzulayıb. Səfir Azərbaycanın Xalq artisti Əli Əsgərovu da uğurlu çıxış münasibətilə təbrik edib.
Məlumat üçün deyək ki, Azərbaycan bəstəkarları Qara Qarayevin “Yeddi gözəl”, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletləri Belarus Böyük Teatrının repertuarındadır.
Yeri gəlmişkən, “Knyaz İqor”da səhnəni paylaşmış Vladirmir Qromovla Əli Əsgərov bu həftəsonu Bakıda çıxış edəcəklər. Sentyabrın 21-də C.Puççininin “Bohema” operasında V.Qromov Marsel, Ə.Əsgərov isə Alsindor partiyalarını oxuyacaqlar.
G.MİRMƏMMƏD