Akademik Musiqili Teatrda fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında tamaşa hazırlanır.

Tamaşanın libretto müəllifi və quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterlər əməkdar artistlər Zakir və Yelena Ağayevalar, xormeyster Əməkdar artist Vaqif Məstanov, konsertmeyster Kamil Həsənovdur.

Fransız yazıçısı Viktor Hüqo “Paris Notr-Dam kilsəsi”romanını 1831-ci ildə qələmə alıb. Məşhur əsər dünyanın tanınmış teatrlarının səhnəsində dəfələrlə səhnələşdirilib, kino variantı ekranlaşdırılıb.

Rejissor Samir Qulamovun da yaradıcılığında “Paris Notr-Dam kilsəsi” əsərinə müraciəti ilk deyil. O, məşhur romanın motivləri əsasında hazırlanan tamaşaya ilk dəfə 2006-cı ildə Akademik Milli Dram Teatrında quruluş verib: “Həmin tamaşaya indi Akademik Musiqili Teatra rəhbərlik edən Əliqismət Lalayev də baxmış və bəyəndiyini söyləmişdi. İllər ötdü, Əliqismət müəllim mənə Akademik Musiqili Teatrın səhnəsində bu əsər əsasında musiqili tamaşa hazırlamağı təklif etdi”.

Rejissor bildirib ki, Xalq artisti Pərviz Məmmədrzayev keşiş obrazını ifa edəcək. Əməkdar artist Nadir Xasıyev və İbrahim Əlizadə bu rola dublyordur. Baş rollardan Esmeraldanı Əməkdar artist Səidə Şərifəliyeva, Mehriban Zalıyeva və Aydan Həsənova canlandıracaq. Kvazimodo obrazını Əmrah Dadaşov və Nicat Həbibov ifa edəcək. Kütləvi səhnələrdə 55-60 nəfər aktyor çıxış edəcək. Premyera oktyabr ayının sonuna nəzərdə tutulub.