Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şəmkir Regional Mədəniyyət İdarəsi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə sentyabrın 12-də Şəmkir rayon Heydər Əliyev Mərkəzində görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi ilə bağlı tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Tofiq Tağızadənin 100 illik yubileyi haqqında sərəncamına əsasən təşkil olunan tədbiri Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə açaraq rejissorun milli kinoya verdiyi töhfələrdən, bu gün də sevə-sevə baxdığımız filmlərindən bəhs edib.
Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas Ayaz Salayev yubilyarın həyat və sənət yolundan danışaraq Tofiq Tağızadənin Azərbaycan kinosundakı xidmətləri haqqında ətraflı məlumat verib, rejissorun “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. filmlərinin tarixi əhəmiyyətindən danışıb.
Sonra sənətkarın “Qızıl qaz” (1972) filmi nümayiş olunub. Tədbir çərçivəsində Tofiq Tağızadəyə həsr olunan fotosərgi də maraqla qarşılanıb.