Elm adamları 66 milyon il əvvəl nəhəng bir meteoritin Yer kürəsi ilə toqquşması və dinozavrların, eləcə də bütün canlıların 75 faizinin məhvinə səbəb olan hadisənin izlərini daşıyan qaya nümunələri ilə bağlı tədqiqatın nəticələrini açıqlayıblar.
ABŞ-ın Texas Universitetinin rəhbərliyi ilə tədqiqat aparan qrup Meksika körfəzinin dərinliklərindəki qayalardan qazma yolu ilə çıxarılan 130 metrlik bir hissənin tərkibindəki qalıqları araşdırıb.
Dinozavrların bu meteorit zərbəsi nəticəsində məhv olduğu məlumdur. Meteorit toqquşmasının təsirinin İkinci Dünya müharibəsində atılan atom bombasının effektindən 10 milyard qat çox olduğu təxmin edilir. Meteorit Meksikanın Yukatan yarımadasına düşüb və ölçüsü 200 kilometr olan bir krater meydana gətirib. Toqquşmanın nəhəng bir sunami və hətta 1500 kilometr məsafədə yanğınlara səbəb olduğu bilinir. Geoloqlar meteoritin düşməsindən sonra yaranan Çiksulub kraterini 1991-ci ildə kəşf ediblər.
On iki kilometr diametrə malik meteoritin Yer kürəsi ilə toqquşması nəticəsində ölçüsü 100 və dərinliyi 30 kilometr olan bir çuxur meydana gətirib. Sonradan bu çuxurun yan tərəflərinin çökməsi ilə kraterin ölçüsü 200 kilometrə qədər artıb. Hazırda kraterin böyük bir qismi dənizin 600 metr dərinliyində qalıqların altındadır. Quruda qalan qismi isə əhəngdaşı ilə örtülmüş haldadır. Lakin kənarlarında yaranan karstların meydana gətirdiyi qövslər krateri bəlli edir. 2016-cı ildə ingilis və amerikalı tədqiqatçıların rəhbərlik etdiyi bir qrup həftələrlə həmin kraterdə qazma işləri aparıb.
Komanda bu günə qədər kraterin Çiksulub limanındakı ən yaxşı vəziyyətdə qalan ərazilərdən birində apardığı qazma işləri zamanı 66 milyon illik izləri daşıyan uzun bir qaya nümunəsi çıxarıb. Onun 130 metrlik hissəsi geoloqların Kaynazoy erası (Məməlilər dövrü) adlandırdıqları dövrün ilk gününə aid olan qalıqları özündə saxlayır.
Elm adamları aşkarlanan hissənin tərkibinə nəzərən meteorit düşməsindən sonra baş verənlər haqqında daha ətraflı məlumat əldə edəcəklərini deyiblər. Maraqlısı odur ki, 130 metrlik hissənin heç bir yerində kükürdə rast gəlinməyib. Ancaq meteorit təxminən yarısı kükürd tərkibli minerallardan ibarət olan dəniz dibinə dəyib. Həmin kükürdün xaric edildiyi və ya buxarlandığı təxmin edilir. Bu isə dinozavrların yox olması ilə əlaqədar geniş yayılmış mülahizəni dəstəkləmiş olur.
Professor Sean Qulikin dediyinə görə, 100 giqaton kükürdün atmosferə daxil olması havanın temperaturunun 25°C enməsinə səbəb olur və belə vəziyyət ən azı 15 il davam edir. Bu isə dünyanın bir çox bölgəsində havanın temperaturunun donma dərəcəsindən də aşağı olması deməkdir. Uzun illər ekstremal vəziyyətə çatan həmin iqlim dəyişikliyi dinozavrların sonu olub.
CAVİD