Rusiya paytaxtındakı Danilov bazarında Nekrasov adına istixana-kitabxana açılıb.

İstixananın içərisində yerləşən kitabxanada rus klassik yazıçılarının əsərlərindən media nəzəriyyəsinə qədər onlarla kitab var. Burada oxucu bileti almaq və kitab təhvil vermək də mümkündür. Bu maraqlı istixana-kitabxana haqqında məlumat Moskva hökumətinin portallarında da yerləşdirilib.

İstixanada yerləşən kitabxananın fondundan pulsuz olaraq kitabın çatdırılması üçün sifariş vermək olur. Kitabxananın baş direktoru Mariya Privalova deyib: “Şəhərdə yaşamağın yeni formatlarını axtarıb tapmaq bizim üçün mühümdür. Əgər hələ də kitabxananın lazımsız və tozlu kitabların anbarı olduğunu hesab edənlər varsa, bizim xoş atmosferi olan istixanamız bunun əksini sübut etməyə çalışır. Biz kitabxanada gözəl tərtibatı olan müasir nəşrləri toplamışıq və eyni zamanda buraya gələn şəhər sakinlərinə özləri ilə bir stəkan qəhvə gətirərək kitab oxumağa şərait yaradırıq”.