“Zəngin tariximizi əks etdirən çox əsərlər, kitablar var. Ancaq onların içərisində bizim milli mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi əks etdirən əsərlər hamısından qiymətlidir və bu gün üçün, gələcək üçün hamısından da gərəklidir”.

Ulu öndər Heydər Əliyevin 2000-ci il aprelin 9-da “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində dediyi bu sözlər xalqın tarixi yaddaşını yaşadan, mədəni intibahında, dünyagörüşündə əvəzsiz rol oynayan kitaba verilən yüksək qiymətdir.

Azərbaycan xalqının yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitablar əvəzsiz rol oynayıb. Kitab mədəniyyəti milli-mədəni irsimizin ən zəngin və dəyərli səhifələrindəndir.

Dünya tarixinə nəzər salsaq görərik ki, qədim əlifba, yazı mədəniyyəti və ibtidai çap materiallarının meydana gəlməsi və ilk əlyazma kitablarının, daha sonra mexaniki çapın yaranması Şərqdən (IX-XI əsrlər, Çin, Yaponiya)  başlanıb. Avropada çap üsulu daha sonralar meydana gəlsə də, kütləvi kitab nəşri məhz buradan dünyaya yayılıb. XV əsrdə alman ixtiraçı Yohan Qutenberq Mayns şəhərində (1440) kitab çapının əsasını qoyub. Eyni zamanda İtaliyada (1465), Fransa da (1470), İspaniyada (1474), İngiltərədə (1476) və s. ölkələrdə kitab çapına başlanılıb. Azərbaycan müəllifinin ilk çap kitabı sayılan Nəsirəddin Tusinin “Təhriri-öqlidis” (“Evklidin şərhi”) əsəri 1594-cü ildə İtaliyanın “Mediçi” nəşriyyatında işıq üzü görüb.

***

Əlyazma kitab mədəniyyətində özünəməxsus yeri olan Azərbaycanda litoqrafiya üsulunda çap XIX əsrin əvvəllərində tətbiq edilməyə başlanılıb. İlk litoqrafiya dəzgahı Təbrizdə (1812) qurulub. Sonrakı dövrdə Bakı, Şuşa, Gəncə və digər şəhərlərdə mətbəələr yaradılıb. XIX əsrin sonuna doğru Azərbaycanda mətbəələrin sayı, çap olunan kitabların say və tirajı sürətlə artmağa başlayır.

Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə, digər sahələrlə yanaşı, mətbuat və kitab çapını da diqqətdə saxlayıb. 1919-cu ildə milli hökumətin hazırladığı mətbuat haqqında qanun parlamentdə müzakirə edilib. “Açıq söz” qəzetinin naşiri Məmməd Əli Rəsulzadə hökumət mətbəəsinin müdiri təyin olunub. Cümhuriyyətin görkəmli dövlət xadimi Adil xan Ziyadxanlının «Azərbaycan», Mirzəbala Məmmədzadənin «Milli Azərbaycan hərəkatı» kitabları 1919-cu ildə həmin mətbəədə çapdan çıxıb. Ümumiyyətlə, Cümhuriyyət dövründə müxtəlif elm sahələrinə dair təxminən 50 adda kitab və kitabça nəşr edilib.

***

Sovet dövrü, bir çox siyasi-ideoloji yasaqlara, milli-mədəni sahədə tətbiq olunan məhdudiyyətlərə rəğmən, mədəniyyətin müxtəlif sahələrinin, o cümlədən kitab nəşri və yayımı işinin inkişafında mühüm bir mərhələ olub. Görkəmli ədib, şair və mütəfəkkirlərimizin alimlərin kitabları təkcə respublikamızda deyil, bütün ittifaq məkanında böyük tirajlarla işıq üzü görüb. Azərbaycan müəlliflərinin əsərləri müxtəlif xarici dillərə tərcümə olunaraq dünya kitab aləminə çıxıb. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi, Sovet İttifaqının rəhbərliyində təmsil olunduğu 70-80-ci illər mədəniyyətimizin yeni intibah dövrü olub və bu tərəqqi kitab-nəşriyyat sahəsində də özünü göstərib.

***

Müstəqilliyimizin ilk illərində yaşanan ümumi tənəzzül, keçmiş iqtisadi əlaqələrin, ittifaq miqyaslı kitab çapı və yayımı şəbəkəsinin dağılması, sovet dövründən qalma, artıq köhnəlmiş texnologiya və avadanlıqlar yüksək keyfiyyətli kitab nəşrini mümkünsüz edirdi. Bununla yanaşı, müstəqilliyin gətirdiyi mühüm imkanlar da vardı. Bazar iqtisadiyyatının şərtlərinə uyğun olaraq nəşriyyat işində özəl sektora geniş yer verilməsi, yeni nəşriyyatların yaranması, Avropanın və dünyanın qabaqcıl təcrübəsi ilə tanışlıq, xarici tərəfdaşlarla əməkdaşlığın inkişafı, ən əsası, dövlətin bu sahəyə diqqət və qayğısı tədricən kitab mədəniyyətimizin inkişafına, Azərbaycan kitabının tanınması və təbliğinə geniş zəmin yaratdı.   

Azərbaycan Respublikası müstəqilliyinin 28-ci yaşında, hələ gənc dövlət, özünü dünyada daha çox tanıtmağa çalışan ölkədir. Milli mədəniyyətimiz də dünyada böyük mədəniyyətlərlə yarışmalı, özünü təsdiq etməlidir. Bu istiqamətdə müxtəlif layihələr, mədəniyyət və incəsənətimizin dünyada tanıdılması, beynəlxalq mədəni tədbirlərdə ölkəmizin təmsil olunması ilə yanaşı, mədəni irsdə kitab ziyasının özünü daha da parlaq göstərməsi vacibdir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq mədəniyyət layihələri, festival, müsabiqə, forum və sərgilərin sırasında özünə layiqli yer qazanan Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası da bu mərama xidmət edir.