İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Bakıdakı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Leyla. Fons Vitae” poeziya tamaşası təqdim olunub.

Tamaşanı izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da olub.

“Leyla. Fons Vitae” Leyla Əliyevanın və şair-dramaturq, Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin (Cəfərovanın) iştirakı ilə hazırlanmış tamaşadır.

Fons Vitae (lat.) – həyat mənbəyi deməkdir. Bu termin XI əsr şair və filosofu, o zaman üç din arasında tolerantlıq mərkəzi olan Toledoda yaşamış Solomon ibn Qabirolun mesajıdır. Solomon ərəb dilində yazıb, daha sonra latın dilinə “Fons Vitae” adı ilə tərcümə edib.

İmadəddin Nəsimi və Solomon ibn Qabirol fərqli zamanlarda, amma ərəb xilafətinin eyni mədəni məkanında yaşayıblar və poeziyalarında bənzər dini köklər və fəlsəfə əks olunub.

Tamaşanın nümayişindən əvvəl quruluşçu rejissor, Xalq artisti Vaqif Əsədov deyib ki, Leyla Əliyeva və Leyla Bəyimin əsərlərində çox yaxın bağlar var. Onlar da öz sələfləri kimi bütün poetik axtarışlarında kamil insan obrazı yaratmaq, Allahın böyüklüyünü insanda görmək, onda tapmaq istəyirlər. Tamaşada Solomon ibn Qabirol Nəsimi ilə üz-üzə gəlir. Səhnə əsərində hər iki şairin 5 şeirindən istifadə edilib.

Tamaşada əsas ideya İnsandır. Rejissor deyib ki, Leyla Əliyeva və Leyla Bəyimi bir-birinə bağlayan, yaxınlaşdıran ideyadır. Bu ideya vaxtilə Nəsimini Solomonla bağlayıb. Əsrlər keçib, bu ideya yenidən iki söz adamını birləşdirir.

Sonra poeziya tamaşası təqdim olunub. Tamaşada iki şairənin şeirləri dialoq şəklində söylənilib. Poetik deyişmə simvolik olaraq şairlərin lirik qəhrəmanının mənəvi inkişaf və maariflənməsi yolunu əks etdirir.

Tamaşada Fuad Osmanov Solomon ibn Qabirolun, Oleq Əmirbəyov isə Nəsiminin obrazını canlandırıblar.