Artıq altıncı dəfədir keçirilən bu tədbir Azərbaycan kitablarının beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfədir.
Mədəniyyət naziri Əbülfəs Qarayev bu sözləri sentyabrın 27-də VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı zamanı media təmsilçilərinə açıqlamasında deyib.
Nazir vurğulayıb ki, kitablarımız dünyanın müxtəlif beynəlxalq sərgi və yarmarkalarında nümayiş olunur və maraqla qarşılanır. Bu mənada Heydər Əliyev Fondunun tariximiz, mədəniyyətimizlə bağlı nəşrlərinə xüsusi maraq var.
Əbülfəs Qarayev bildirib ki, bu gün ölkəmizdə nəşriyyat-poliqrafiya işi inkişaf edir. Ölkəmizdə kitaba marağı artırmaq üçün müxtəlif maarifləndirici tədbirlər, səyyar kitabxanalar kimi layihələr icra olunur. Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası bu istiqamətdə reallaşdırılan böyük layihədir.