VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının maraqlı tədbirlərindən biri də sentyabrın 28-də türkiyəli yazıçı Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” adlı hekayələr kitabının təqdimat mərasimi oldu.

Tədbirdə kitabdakı əsərləri dilimizə uyğunlaşdıran yazarlar Eyvaz Zeynalov, Təranə Vahid, Aslan Quliyev, Narıngül Nadir və Cavid Qədir də iştirak edirdi.

Narıngül Nadir kitabda yer alan “Qar və düyün”, “Qüllə” və “Quyu” hekayələrini dilimizə çevirdiyini bildirdi.

Cavid Qədir dedi ki, müxtəlif illərdə Bəxtiyar Aslanın hekayələri “525-ci qəzet”də dərc olunub: “Müəllif kiçik hadisələrdən böyük əsər yaratmağı bacaran yazıçıdır. Çox şadam ki, onun bəzi hekayələrini dilimizə çevirmək mənə qismət olub”.

Kitabın ön sözünün müəllifi Təranə Vahid nəşrdə 15 hekayənin yer aldığını bildirdi, əsərlərin oxucular tərəfindən maraqla qarşılanacağını dedi.

Qeyd edək ki, Bəxtiyar Aslan 1971-ci ildə Türkiyənin Kahraman Maraş şəhərində anadan olub. “Türk ədəbiyyatı” jurnalının baş redaktoru, eyni zamanda Türk Ədəbiyyatı Vəqfi İdarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Şeirləri, hekayə və esseləri, araşdırma yazıları müxtəlif dərgilərdə işıq üzü görüb. Yazıçı “Şəhərin xəbəri yox”, “Cənnətin son saatları”, “Qar və düyün”, “Yazının kölgəsi” və s. kitabların müəllifidir.

Nurəddin MƏMMƏDLİ