VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası kitab və kitabxana işi ilə bağlı müzakirələrlə də yadda qaldı. Belə faydalı müzakirələrdən biri elektron kitabxanalar və onlardan istifadə yollarını əhatə edən iki kitabın təqdimat mərasimində oldu.

Oxuculara “Elektron kitabxanalar” və “Kitabxanalarda inetnet forumlarının keçirilməsi metodikası” kitabları təqdim olundu. Hər iki kitabın həmmüəlliflərindən Pərviz Kazimi və Oruc Quliyev çap məhsulları barədə ətraflı məlumat verdilər.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev kitabların əhatə etdiyi istiqamətlərdən danışdı. Bildirdi ki, “Elektron kitabxanalar” kitabı dərs vəsaiti nəzərdə tutulsa da, kitabxana sahəsində çalışanlar üçün də əlverişli məlumat mənbəyidir.

Ali məktəblərin bakalavr təhsili pilləsi üçün hazırlanmış vəsaitdə elektron kitabxanaların funksiyaları, informasiya resursları ilə komplektləşdirilməsi, yaradılması metodikası, proqram-texniki təminatı haqqında mövzular şərh olunub. Kitabda oxucular üçün maraqlı olacaq daha bir istiqamət dünyanın aparıcı elektron kitabxanaları haqqında məlumat və onların sistemləşdirmə qaydalarına qısa nəzərdir.

Kitabın digər müəllifi – BDU-nun Kitabxanaşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi iki fəsildən ibarət bu kitabda müasir kitabxana işinə, elektron kitabxanalar məsələsinə elmi-praktik baxımından nəzər yetirməyə çalışdıqlarını dedi.

“Kitabxanalarda internet forumlarının keçirilməsi metodikası” adlı metodiki vəsait barədə də oxuculara bilgi verən müəlliflər qeyd etdilər ki, burada daha çox internet-forum, sosial şəbəkələrdə tətbiq olunan elektron kitabxanalar, sosial şəbəkələrin informasiya məkanı və mühitinə təhlil və analizlərlə nəzər salınıb.

Kitabda daha bir maraqlı məqam isə kitabxanalarımızın virtual məkanda fəaliyyətinin reytinq qiymətləndirməsidir ki, burada da müqayisə üçün yetərli faktlar öz əksini tapıb.

Müəlliflər layihə menecmentinin nəzəri və təcrübi məsələləri, kitabxana-informasiya fəaliyyətində modelləşdirmənin metodları barədə də maraqlı fikirlər səsləndirdilər.

HƏMİDƏ