2-4 oktyabr tarixində Rumıniyanın Sibiu şəhərində Avropa Şurasının Mədəni Marşrutlar üzrə IX illik Məşvərət Forumu keçirilir. Avropa Şurası Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyin, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun və Rumıniyanın Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Mədəniyyət Nazirliyi Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdir müavini Vüqar Məmmədov iştirak edir.
Forum çərçivəsində cari il ərzində Avropa Şurası tərəfindən təsdiq edilmiş mədəni marşrutlarla bağlı qiymətləndirilmələrə dair diskussiyalar, eyni zamanda 2020-ci il 7-9 oktyabr tarixində Yunanıstanda keçirilməsi planlaşdırılan növbəti forumda əhatə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparılır.
Nazirliyin nümayəndəsi səfər çərçivəsində Avropa Şurasının Mədəni Marşrutlar üzrə İdarə Heyətinin sədri Birgitta Ringbeck və sədr müavini – Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Levan Xaratişvili ilə görüş keçirib. Görüşdə mədəni marşrutlarla bağlı təbliğat-təşviqat işlərinin gücləndirilməsindən bəhs edilib.