Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM), Şamaxı Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı şəhərində “Mədəniyyət həftəsi” təlimləri keçirilir.
Həftə ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında rayonun ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında “Sürətli oxu” yarışması və gənc mədəniyyət işçiləri arasında intellektual oyun keçirilib.
“Sürətli oxu” yarışmasının məqsədi şagirdlər arasında mütaliəyə həvəsin artırılması, şifahi oxu qaydalarına riayət edilməsi, intonasiyanın, vurğunun və durğu işarələrindən düzgün və yerində istifadəsi, üzündən sərbəst oxu, diqqətlilik, fikrin cəmlənməsi kimi bacarıqların inkişaf etdirilməsidir. Yarışmada ilk üç yeri tutan şagirdlər Rəhim Abbaslı, Gülzar Əmralıyeva və Lütfiyyə Hacızadə sertifikatlarla təltif edilib.
“Nəsimi ilinə” həsr olunmuş intellektual oyunda Kürdəmir, Xaçmaz, Şəki, İsmayıllı, Sumqayıt şəhərlərində çalışan gənc mədəniyyət işçiləri, universitetin tələbələri və könüllüləri iştirak ediblər. Turnirin davamının Gəncə və Lənkəran şəhərlərində, final mərhələsinin isə Bakıda keçirilməsi nəzərdə tutulur.