Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Turizm Bürosunun “Azerbaijan. Travel” qonaq mərkəzinin açılışı olub. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, iki ölkənin rəsmiləri iştirak ediblər.
Mərasimdə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili çıxış ediblər.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan xalqının öz mədəniyyətini və mətbəxini gürcüstanlı qonaqlarla paylaşmaqdan məmnun olduğunu diqqətə çatdırıb. O, Azərbaycana gələn səyahətçilərin 22 faizini Gürcüstan vətəndaşlarının təşkil etdiyini diqqətə çatdıraraq iki ölkə arasında vizasız rejimin bu saya müsbət təsir etdiyini, bu şəxslərin ölkəyə Tbilisidən birbaşa uçuşlar, təkmilləşdirilmiş dəmiryolu xətləri və quru yolu ilə gəldiklərini vurğulayıb.
Qeyd edək ki, “Azerbaijan.Travel” qonaq mərkəzi ölkəmiz haqqında informasiya ilə yanaşı, turlar və səfərlər haqqında məlumat verə bilən, bilet sifarişi ilə də məşğul olan turizm agentliyi rolunu oynayacaq.
***
Həftəsonu Gürcüstanın paytaxtında keçirilən ənənəvi şəhər günü – “Tbilisoba” bayramı çərçivəsində Tbilisinin qardaşlaşmış və tərəfdaş şəhərlərinə həsr olunan pavilyonlar sırasında Azərbaycan guşəsi də maraqla qarşılanıb.
Gürcüstan Prezidenti Salome Zurabişvili, Gürcüstanın Baş naziri Giorgi Qaxaria və Tbilisi meri Kaxa Kaladze Azərbaycan guşəsinə baş çəkiblər, Azərbaycan çayı və milli şirniyyatlarının dadına baxıblar. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov onlara Azərbaycanın milli mədəniyyəti, mətbəx nümunələri ilə bağlı məlumat verib.