Oktyabrın 6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası təqdim olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, bu dəfə səhnə əsəri teatrın tanınmış aktyoru Möylə Mirzəliyevin 60 illik yubileyi münasibətilə nümayiş edilib.
Tamaşadan öncə teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova aktyorun həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat verib.
39-cu dəfə göstərilən tamaşada M.Mirzəliyev Qəzənfər rolunu canlandırıb.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnə tərtibatçısı mərhum Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri əməkdar artistlər – Yelena və Zakir Ağayevlərdir.