Azərbaycanın turizm potensialının və mədəniyyətinin Bolqarıstanda təbliğinin davamı olaraq ölkəmiz Bolqarıstanın Varna şəhərində təşkil olunan 12-ci Qara Dəniz Turizm Forumunda təmsil olunub.
“MİCE turizm: festival, təşviqat, konfrans və sərgilər” adı altında gerçəkləşən forumda Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə ölkəmiz haqqında təqdimat keçirilib. Təqdimat zamanı Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, ənənələri, mətbəxi, ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər haqqında danışılıb, mövcud turizm marşrutları və turistlər üçün yaradılmış şərait barədə iştirakçılara məlumat verilib.
Milli stenddə Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş olunub, ölkəmizin turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Stenddə həmçinin Azərbaycan istehsallı nar şirəsinin və şərabların dequstasiyası, şirniyyatlarımızın təqdimatı olub.