“Columbus Direct” tədqiqat şirkəti dünyada turistlərin sayının ən çox olduğu (bir kvadratmil sahəyə düşən səyahətçi sayına görə) yerlərin növbəti reytinqini dərc edib.
2018-ci ilin yekunlarına görə lokasiya sahələri və turistlərin gündəlik sayı əsasında onların ən çox getdikləri 20 turizm istiqaməti “Columbus Direct”in ekspertləri tərəfindən tərtib edilib.
İlk beşlikdə Asiyanın iki turizm istiqaməti və Avropanın üç şəhəri yer alıb. “Columbus Direct” reytinqinə əsasən, 2018-ci ildə turistlərin ən sıx olduğu istiqamət Tailanddakı Phuket adasıdır. İl ərzində bu kurorta 9,29 milyon (yəni orta hesabla gündə 25452 nəfər) turist gəlib. Burada turistlərin sıxlıq göstəricisi bir kvadratmilə 5090 nəfərdir.
İkinci yeri Palma-de-Mayorka (İspaniya, bir kvadratmilə 2918 turist), üçüncü yeri Pattayya (2762), dördüncü yeri Paris (1174), beşinci yeri Barselona tutub (605).
Yeri gəlmişkən, Barselonada turizmin şəhərə təsirini yüngülləşdirməkdən ötrü turizm vergisini artırmaq niyyətindədirlər. Əlavə artım bir gecəlik və kruiz üçün gündəlik 4 avro təşkil edəcək. Yığılan vəsait bütövlüklə Barselona Şəhər Şurasına təhvil veriləcək. Kataloniya hökuməti gələn ildən ödənişi toplamaq niyyətindədir.
Barselonada turist-gecə sayı ildə təxminən 30 milyon təşkil edir. Buraya kruiz laynerlərinin 2,2 milyon sərnişinlərini də əlavə etmək olar. Hazırda hər bir müəssisənin dərəcəsindən asılı olaraq, turizm vergisi bir gecə üçün 0,65 avrodan 2,25 avroyadək təşkil edir.
CAVİD