Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyində əsaslı təmir-bərpa işləri görülür.
1899-cu ildə dünyaya göz açan Cəfər Cabbarlı 2 yaşına kimi bu evdə yaşayıb. Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey kimi qeydiyyata alınıb.
1999-cu ildə böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar muzeydə yenidənqurma işləri aparılıb. Həmin il Xızı şəhərinin mərkəzində Cəfər Cabbarlının möhtəşəm heykəli ucaldılıb.
Burada qorunan eksponatların əsasını Cəfər Cabbarlının ailəsinin məişətdə işlətdiyi əşyalar, yazıçının kitabları, səhnəyə qoyulan əsərlərindən fotoşəkillər, arxiv sənədləri və müxtəlif mətbuat orqanlarında çap edilən məqalələri təşkil edir. Muzeydə ümumilikdə 520 eksponat saxlanılır.
Təmir-bərpa işlərinə sentyabr ayının əvvəlindən başlanılıb. Təmir işləri zamanı görkəmli dramaturqun yaşadığı evin özündə dəyişiklik edilməyəcək. Əsas iş qoruyucu şüşəbəndin daha müasir formada tikilməsi, muzeyin həyətində yeni inzibati otaqların inşası, istilik, işıqlandırma və təhlükəsizlik sisteminin qurulmasıdır. Bundan sonra Mədəniyyət Nazirliyinin mütəxəssisləri ev-muzeydə daxili tərtibat işlərini həyata keçirəcək.