Qubada “Alma bayramı” isə hər il rəngarəngliyi ilə öncəkindən seçilir
Hər il Azərbaycanın ayrı-ayrı rayonlarında yerli sakinlərin, eləcə də qonaqların böyük maraqla qatıldığı bayramlar, festivallar keçirilir. Onların sırasında regionlarımızı şöhrətləndirən təbiət nemətlərinə – meyvələrə həsr olunan bayramlar xüsusilə seçilir. Ölkəmizin hər yerində müxtəlif alma növləri yetişdirilir, amma bu cənnət meyvəsinin “vətəni” Quba rayonu sayılır. 2012-ci ildə burada ənənəsi qoyulan “Alma bayramı” hər dəfə bir öncəkindən daha möhtəşəm və rəngarəng keçirilir.
Oktyabrın 12-də Qubadakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan “Alma bayramı”nda minlərlə insan iştirak edib. Bayram tədbirinə Milli Məclisin deputatları, bir sıra nazirliklərin, dövlət qurumlarının vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, mədəniyyət və ictimaiyyət xadimləri qatılıb.
Bayram iştirakçılarını salamlayan rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, Quba keçmiş sovet dövründən meyvə bağları ilə tanınıb. Bu gün də dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən meyvəçilik inkişaf edir. Hazırda Quba rayonunda 17 min hektar meyvə bağı var, bunun 13 min hektardan çoxunu alma bağları təşkil edir. Rayonda meyvəçiliyin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində məhz onun təşəbbüsü və qayğısı nəticəsində Qubada 10 min hektara yaxın yüksək məhsuldar alma bağları salınıb ki, bu gün həmin bağlar əhalinin əsas gəlir mənbəyini təşkil edir.
Milli Məclisin deputatı Vahid Əhmədov çıxışında vurğulayıb ki, bölgələrimizdə təşkil olunan bu cür bayramlar ölkəmizdə hökm sürən siyasi sabitliyin göstəricisidir.
Mərasimdə çıxış edənlər festivalın keçirilməsini milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər. Bildirilib ki, bu gün respublika üzrə alma istehsalının 71 faizi Quba-Xaçmaz iqtisadi rayonlarının payına düşür. Ötən il Qubada 115,8 min ton alma istehsal edilib.
Çıxışlardan sonra Heydər Əliyev prospekti boyunca şimal bölgəsində yaşayan azsaylı xalqların nümayəndələrinin, folklor qruplarının, idmançıların, müxtəlif təsərrüfatlarda yetişdirilən almalarla bəzədilən avtomobillərin iştirakı ilə yürüş keçirilib.
Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.
Tədbirə qatılan qonaqlar mərasimdə təqdim olunan kompozisiya və stendləri maraqla izləyib, almadan hazırlanan müxtəlif təamları dadıblar.
Sonda incəsənət ustalarının iştirakı ilə konsert təqdim olunub.