Gəncədə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində və Gənc pianoçuların IV Respublika müsabiqəsində uğur qazanmış şagirdlərin təltif olunması mərasimi keçirilib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev hər iki müsabiqədə uğur qazanmış Gəncə, Naftalan şəhərlərinin, Goranboy, Samux, Kəlbəcər rayonlarının uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdləri təbrik edib.

İdarənin rəisi həmçinin müsabiqələrdə iştirak edən şagirdlərin təhsil aldıqları uşaq musiqi və incəsənət məktəblərinin rəhbərlərinə, müəllimlərinə və valideynlərə minnətdarlığını bildirib.

Sonra şagirdlərə fəxri fərmanlar, diplom və hədiyyələr təqdim olunub.

***

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gənc pianoçuların IV Respublika müsabiqəsi və Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsinin  laureatları ilə görüş keçirilib. Laureatlara Mədəniyyət Nazirliyinin diplom, fəxri fərman və hədiyyələri təqdim edilib.

İdarənin rəisi Mehman Şükürov mədəniyyət müəssisələrinin kollektivlərinə Sumqayıtın 70 illik yubileyi münasibətilə Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən mədəniyyət festivalında fəal iştiraklarına görə təşəkkürünü bildirib.

Regional idarə fəaliyyətə başlayandan sonra yeni kollektivlərin təşkilinin qarşıya məqsəd qoyulduğunu deyən idarə rəisi qeyd edib ki, artıq müəllimlərdən ibarət xalq çalğı alətləri orkestri və xor kollektivi, “Buta” qızlar ansamblı, sazçalan qızlar ansamblı, kukla teatrı yaradılıb.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin bazası əsasında internet televiziyanın fəaliyyətə başladığı diqqətə çatdırılıb, istedadlı gənclərin bu televiziya vasitəsilə təbliğ olunmasının vacibliyi qeyd edilib.

Sonda mədəniyyət festivalında fəal iştiraklarına görə müəssisələrin kollektivləri idarənin fəxri fərmanları ilə təltif edilib.